Qafqaz Albaniyası dövlətinin ilkin yarandığı və əhatə etdiyi ərazi

15:10 - 27 Sentyabr 2016 - KİVDF

Albaniya və ya Qafqaz Albaniyası — tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Bu dövlət bir sıra  vilayətlərdən ibarət olub. Lpina – Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayədir. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun “Albaniya, Lpina və Çola” adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin – Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni – Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür elə bu Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”. Tarixi gerçəkliklərin öyrənilməsi göstərir ki, bu triada dini-simvolik mahiyyət daşımaqla yanaşı, mühüm bir fakt kimi də qiymətlidir. Strateji periferiya vilayətləri olan Lpina və Çola ölkədə mərkəzləşmiş hakimiyyət olmadığı dövrlərdə müstəqil dövlətə çevrilirdilər (551-630-cu illər). Cavanşirin və Varaz Trdatın hakimiyyəti dövründə isə Lpina və Çola yenidən Albaniyanın ayrılmaz strateji vilayətləri olmuşdular.
Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal – Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal – Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.
Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin Cənubunda Qarasu və Girdman çaylarının arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.
Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi – inzibati və kilsə – inzibati vahid – yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav ( Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII-IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular.
Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal – Qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi.[64] III-VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi.
Paytakaran – bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.
Uti –tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.
Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Mənbələrdə Girdman vilayətinin adı Qardman (qrabar (qədim erməni) dilində), Girdman (qədim pərs dilində) və Qardabani (qədim gürcü dilində) kimi tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onu Ağsu – Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın Şimal – Qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.
Artsak və ya Ərsaq — (antik müəlliflərində Orxistena) bu tarixi vilayət sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar,xəzərlər və barsillər təşkil edirdi.
Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər. Bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var.

 

Xəbər xətti