Kür çayı üzərində yeni körpü istifadəyə verilib

16:39 - 23 Sentyabr 2016 - Xəbər

 Salyanın Babazanan yaşayış məntəqəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan yeni körpü istifadəyə verilib."Azəravtoyol" ASC-dən verilən məlumata görə, Kür çayı üzərində salınmış 6 aşırımlı körpünün uzunluğu 200 metr, eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni isə hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.
Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Körpü elementləri A15 və NK100 hərəkətli yüklərin təsirinə və 9 bal zəlzələyə hesablanaraq layihələndirilib.
Kür çayında su axının təmizlənməsi üçün uzunluqları sağ sahildə 216 metr, sol sahildə isə 142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib.
Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən123,18 metr, Babazanan yaşayış sahəsi tərəfindən isə 221, 213 metr olan yanaşma yolları tikilib.


Xəbər xətti