Yasamalda yeni inşa edilmiş bina sakinlərinə çıxarışlar təqdim edilib

14:19 - 23 Sentyabr 2016 - Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, məmnunluq və əlçatanlığın artırılması məqsədilə tədbirləri davam etdirir. 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, b
elə ki, 23 sentyabrda Bakının Yasamal rayonunda yerləşən çoxrmərtəbəli binanın həyətində keçirilən kampaniya çərçivəsində 100-ə yaxın sakinə mənzillərinə dair çıxarışlar təqdim olunub. Eyni zamanda kampaniya çərçivəsində mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquq-müəyyənedici sənədlər də qəbul edilib. Mənzillərinə sənədlər təqdim olunan sakinlər sırasında xarici dövlətlərin də vətəndaşları olmaqla ölkə başçısının tapşırıqlarına uyğun olaraq dövlət qurumları tərəfindən həyata keçirilən belə tədbirləri yüksək qiymətləndiriblər. Daşınmaz əmlakla bağlı qeydiyyat xidmətlərinin bilavasitə ünvanlarda göstərilməsi, habelə son illər geniş tətbiq edilən elektron, sms və onlayn xidmətlər bu sahədə müasirliyin, şəffaflığın, rahatlıq və vətəndaş məmnunluğunun təmin etdiyini vurğulayıblar.    

Qeydiyyat xidmətlərinin bilavasitə ünvanlarda göstərilməsi vətəndaşların bu iş üçün əlavə vaxt itkisinin qarşısını alır. Belə ki, əhalinin gündəlik iş fəaliyyətlərindən ayrılmadan müasir tələblər əsasında operativ qaydada çatdırılan xidmətlərdən faydalanmasını təmin edir. Yasamal rayonunda baş tutan kampaniya zamanı vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunub, hüquqi yardımlar göstərilib. Belə ki, sakinlərin komitənin hüquqşünaslarına verdiyi suallar yerindəcə cavablandırılıb. Onlara qeydiyyat proseduru barədə izahlar verilib. Sənədləşdirmə zamanı müvafiq qurumlardan alınması zəruri olan sənədlərin adı, belə sənədlərin əldə olunması ardıcıllığı, qeydiyyat müddətləri və digər məsələlər vətəndaşlara çatdırılıb. 
Qeyd edək ki, 2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalanaraq öz ünvanında çıxarış əldə edib. 
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir. Xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlər daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar bank vasitəsilə və ya elektron qaydada ödənilir. Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın fərdi və kütləvi qiymətləndirilməsi barədə də məlumatlar verilib. Bildirilib ki, bütün ölkə ərazisində daşınmaz əmlakların real bazar dəyərinə uyğun qiymətləndirilməsi xidmətləri göstərilir. Bu xidmətlərdən fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. Belə ki, kreditlərin əldə edilməsi, girov qoyulması, müxtəlif kompensasiyaların ödənilməsi, sığorta işləri və digər bu kimi sahələrdə bazar qiymətlərinin müəyyənləşdirilməsinə ehtiyac olur. Bu baxımdan Komitənin təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirilməsi xidmətləri vətəndaşlar və hüquqi şəxslər üçün faydalıdır. Xidmətdən istifadə etmək istəyən istənilən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilər. 
 “Kütləvi çıxarış” kampaniyasının geniş formatda keçirilməsi vətəndaşların əmlak hüquqlarının daha səmərəli təmin olunması, vətəndaşların xidmətlərdən daha operativ və rahat yararlanması ilə yanaşı, ölkədə daşınmaz əmlak bazarının aktivliyinin artmasına, alqı-satqı proseslərinin stimullaşmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir. Kampaniyanın mühüm üstünlüyü xidmətlərin bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə çatıdırılmasıdır. Komitənin tətbiq etdiyi “bir pəncərə” prinsipinin məqsədi həm qeydiyyat prosesi, həm də torpaq idarəçiliyində vətəndaşların mülkiyyət hüquqlarının tam təmin olunması, xidmətlərin rahat, operativ və şəffaf göstərilməsidir. 

Xəbər xətti