Hindistan Fransadan 36 “Rafale” qırıcı təyyarəsi alacaq

14:16 - 23 Sentyabr 2016 - Xəbər

Hindistanın müdafiə naziri Mannohar Parrikar və onun fransalı həmkarı Jan-İv Le Drian Nyu Deli şəhərində Hindistan Hərbi Hava Qüvvələri üçün Dassault Aviation kompaniyasının istehsal etdiyi 36 ədəd “Rafale” qırıcı təyyarə alınmasına dair saziş imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, Hindistan tərəfi 7,87 milyard avro təşkil edən ümumi məbləğın 15 faizini avans şəklində ödəyəcək. Qırıcı təyyarələrlə yanaşı, Hindistan ehtiyat hissələri və silah-sursat, o cümlədən “Meteor” raketləri də əldə edəcək. “Rafale” təyyarələrinin ilk partiyası yekun müqavilənin imzalandığı vaxtdan etibarən 18 ay ərzində alıcıya çatdırılmalıdır.
Qeyd edək ki, 4-cü nəslə aid çoxməqsədli “Rafale” qırıcı təyyarəsi ilk uçuşunu 1986-cı ildə həyata keçirib və onların ilk partiyası Fransa Silahlı Qüvvələrinin arsenalına 2002-ci ildə qəbul edilib. Ümumilikdə isə Fransa hökuməti ordu üçün 180 “Rafale” təyyarəsi sifariş verib.
Təyyarə ilk döyüş tapşırığını 2007-ci ildə Beynəlxalq koalisiyanın Əfqanıstanda apardığı əməliyyatlar zamanı yerinə yetirib. Ondan, həmçinin Liviya və Malidə keçirilən əməliyyatlarda da aktiv istifadə olunub. Hazırda “Rafale” qırıcıları İraqda İŞİD qruplaşmasının mövqelərinə zərbələr endirir.
Bir qədər əvvəl uzun sürən danışıqlardan sonra Braziliya və Birləşmiş Ərəb Əmirlikləri bu təyyarələri almaqdan boyun qaçırıb ki, bu da Parisi “Rafale” təyyarələrinin istehsalı proqramının dayandırılması məsələsini müzakirəyə çıxarmağa məcbur edib. Fransa təyyarənin satışı ilə bağlı ilk və hələlik yeganə müqaviləni keçən ilin fevralında Misirlə imzalayıb. Müqaviləyə əsasən, Misir Hərbi Hava Qüvvələri 24 təyyarə alacaq.

Xəbər xətti