Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir

12:40 - 23 Sentyabr 2016 - Xəbər

 Nüfuzlu "Lancet" jurnalı tərəfindən davamlı inkişafın tibbi göstəriciləri üzrə tərtib edilən dünya reytinqində Azərbaycan 75-ci yeri tutub.
"Report" xəbər verir ki, tibb, həyat və sağlamlıqla bağlı olan davamlı inkişaf göstəriciləri üzrə ölkələrin reytinqi 0-100 bal arası şkala ilə qiymətləndirilən 33 göstərici üzrə ümumi hesablama əsasında tərtib edilib.
Azərbaycan reytinqdə orta hesabla mümkün 100 baldan 63 bal toplayaraq 75-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan regionun digər ölkələrini üstələyib. Belə ki, reytinqdə Ermənistan 86-cı, Türkiyə 103-cü, İran 104-cü, Gürcüstan 106-cı, Rusiya isə 119-cu sırada qərarlaşıb.
Reytinq tərtib edilərkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqollu içki və tütün məmulatlarından istifadə, HİV, vərəm və hepatit B xəstəliyinə yoluxma, intiharların sayı və s. amillər nəzərə alınıb. Hər bir meyar üzrə qiymətləndirmə 1990-2015-ci illər aralığında olan vəziyyətin təhlili əsasında həyata keçirilib.
Reytinq siyahısına İslandiya başçılıq edir. İlk beşliyə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya daxil olub. Sonuncu, 188-ci yeri isə Mərkəzi Afrika Respublikası tutub.

Xəbər xətti