Azərbaycanda orta əsrlərə aid məzar daşları tapılıb – FOTO

12:25 - 19 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Neftçala rayonunun Tataraməhəllə kəndi yaxınlığında iki yerdə son orta əsrlərə aid məzar daşları tapılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, kəndin şərq tərəfindəki Zəngi qəbiristanlığında mövcud olan bu qəbir daşları dövrün daşişləmə sənətində mükəmməl elementlərin qorunub-saxlandığını sübut edir:

“Məzar daşları çox da böyük olmasa da, onların üzərində ərəb qrafikasının süls elementi nəsx xətti ilə yazılmış kitabələr və “Qurani-Kərim”dən götürülən ifadələr bölgədə xəttatlıq sənətinin geniş təşəkkül tapdığına işarədir.

Daşların əksəriyyəti baş tərəfində “Hüvəl baqi”, yəni “O, (Allah) əbədidir!” kəlmələri ilə başlamaqla, müxtəlif formalı naxış elementləri ilə tamamlanır. Bu tip məzar daşları ətraf ərazidəki tarixi məzar daşlarından fərqli xüsusiyyətlərə malikdir və epiqrafik baxımdan tədqiq olunması zəruridir”.

Xəbər xətti