Azərbaycan keçiriləcək təxribatçı tədbiri ləğv etdirib - Yerevanda

11:24 - 31 Avqust 2016 - SİYASƏT

“Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu.
Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib.
“Bildiririk ki, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizlin şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina etmişdi”, - H.Hacıyev deyib.
O vurğulayıb ki, rəsmi Yerevanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi: “Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək”.

Xəbər xətti