Bu il 97 nəfərə “Əmək veteran” adı verilib

16:27 - 30 Avqust 2016 - Cəmiyyət

 Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 97 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 74 nəfəri kişi, qalanları qadınlardır.
Yaşa görə pensiya hüququ qazanan, orden və medallarla təltif olunan, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı və vəsiqəsi almaq hüququna malikdirlər. Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir.

Hazırda işlədiyi, yaxud sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin olunurlar.
“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki müvafiq alt-bölmədə yerləşdirilib.

Xəbər xətti