Türk folkloru: Yaxın və uzaq tariximiz

19:20 - 30 Avqust 2016 - KİVDF

Folklorumuzda ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında  yetərincə məlumat var

Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanıdıqları şəxsin adı çəkilir.
Maraqlıdır ki, müxtəlif  əsrlərdə yaşamış və əsərlərindən bugünə qədər sanballı elmi tədqiqat əsərlərində sitatlar gətirilən bir çox salnaməçi və tarixçilər sözügedən məlumatları tarixi həqiqət kimi qəbul etmiş və öz əsərlərinə daxil etmişlər. Məsələn, Vlll əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verməkdədir: "Qardaşlar  Nuhun  təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı".
Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll - V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq  lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı”  adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.                                                              
Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur: “...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar... Yerləşdikləri ölkələr isə bunlardır; Midiya, Albaniya, Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...”.
Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada çəkir.
XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə, Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll - XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir. 
Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur məktubunda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Oğuzu bu oğullardan biri kimi xatırlatmaqda, Toqarmanın oğullarının adlarını isə belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir.
Musa Kağankatlı “Albaniya  tarixi” kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın (Türkün) da adıını çəkir: “Yafəs, Qomer (Kimer), Tiras, Toqarma (Türk)...”.
Bu fakt xəzərlərin, eləcə də oğuzların etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Anadolu ilə bağlı olduğunu söyləmək üçün tamamilə yetərlidir. Məktubun sonrakı hissəsində söylənilənlər də bu faktı təsdiqləyici mahiyyətdədir. Xaqan yazır ki, ən başda xəzərlər az saylı və zəif idilər, lakin sonralar özlərindən qat-qat güclü olan boylarla mübarizə aparıb onlara qalib gəldilər, onların torpaqlarına sahib oldular. Onlar qaçır, xəzərlər təqib edirdilər. Bu, rəqiblərin Kuştantiniya yaxınlığındakı Runa çayını keçmələrinə qədər davam etdi. Məktubda qaçanların kimlər olduğu da bildirilir: u-n-n-t-r. Bu məktubda deyilənləri şərh edən alimlər buradakı Runa çayının Dunay, Kuştantiniyanın (Konstantinopol // İstanbul), “u-n-n-t-r” kimi oxunan xalqın isə onuyğurlar və ya utiqurlar (otuzuyğurlar), başqa sözlə, uyğurlar olduğu fikrində yekdildilər.
Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mərkəz kimi «Şərq ölkələri və Türküstan»ın adını qeyd etməkdədirlər. Bu baxımdan Rəşidəddin “Cami ət-Təvarix”i də istisna deyildir: “Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, - Allah ona rəhmət eləsin, - yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı. Olcay xanın yaylağı və qışlağı  Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay xanın paytaxtı da burada yeləşirdi”.
Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yəhudu, xristian və müsəlman mənbələri yekdildirlər. Bu baxımdan türkologiyanın atası hesab edilən Kaşğarlı Mahmudun söylədikləri də maraqlıdır: “Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Türkə qədər .
Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və müsəlman tarixçilərinin verdikləri məlumatlar ilk baxışdan bir-birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini söyləyə bilərik. Əslində müsəlman tarixçilərin söylədikləri sələflərinin söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində, o cümlədən “Albaniya tarixi” kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm də “Şərq ölkəsi” adlandırılır,  Fəzlullah Rəşidddin də “Şərq ölkələri” ifadəsini işlədir. “Türküstan” ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl sübutu “Kitabi – Dədə Qorqud”dur. Bu əsərdə Həm Qazan xan, həm də Bayandır xan “Türküstanın dirəyi” adlandırılırlar. Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Diyarbəkriyyə” əsəri də təsdiqləyir.

Xəbər xətti