Türk folkloru: Yaxın və uzaq tarixim

19:29 - 29 Avqust 2016 - KİVDF

Oğuz epik ənənəsi onların tarixi yurd yerlərinə, miqrasiya yollarına aydınlıq gətirir

Türk folklorunun ayrılmaz tərkib hissəsi olan və oğuzların tarixi inkişaf mərhələlərini özündə ardıcıl şəkildə əks etdirən oğuz epik ənənəsi türklərin qədim mifoloji dünya görüşünü əks etdirdiyi kimi, onların tarixi yurd yerlərinə, miqrasiya yollarına və ayrı-ayrı dövrlərdə qəbul etmiş olduqları fərqli inanc sistemlərinə də geniş ölçüdə aydınlıq gətirməkdədir. Bir çox tədqiqatçılar türk ədəbi ənənələrinin yaranma tarixini VI-VIII əsrlərlə, başqa sözlə Göytürk dövlətinin tarix səhbəsinə çıxdığı və inkişaf etdiyi dövrlərlə bağlayırlar. Bu fikirdə olan və türk-oğuz epik ənənəsinin formalaşma arealının sözügedən yazıların bulunduğu ərazilərlə bağlayan tədqiqatçıların fikrincə, türk ədəbiyyatı anlayışı bilavasitə Göytürk dövlətinin tarix səhnəsinə çıxması ilə bağlıdır. Belə hesab edilir ki, qədim və orta əsrlər türk yazılı ədəbiyyatı öz kökləri etibarı ilə bilavasitə türk folkloru ilə, xüsusən də qədim türk epik ənənəsi ilə sıx bağlıdır.  Odur ki, qədim türk ədəbiyyatının və ümumilikdə yazılı ədəniyyatın öyrənilməsi zamanı onun folklorla əlaqəsinə, eləcə də yazılı mətnlərdə folklor elementlətinin əksi məsələsinə xüsusi fikir verilməlidir. Şübhəsiz ki, qədim türk ədəbiyyatının ən qədim örnəklərinin öyrənilməsi zamanı onun folklorla əlaqəsinə, eləcə də yazılı mətnlərdə folklor elementlətinin əksi məsələsinə xüsusi fikir verilməsinin vacib olduğu barədə söylənilənlər doğrudur. Lakin ən qədim türk mətinləri kimi məhz Göytürk mətnlərini gözdən keçirmək, türk ədəbi ənənələrinin yaranma tarixini VI-VIII əsrlərlə, başqa sözlə Göytürk dövlətinin tarix səhbəsinə çıxdığı və inkişaf etdiyi dövrlərlə bağlamaq, eləcə də türk-oğuz epik ənənəsinin formalaşma arealının sözügedən yazıların bulunduğu ərazilərlə (Monqolustan, Altay, Sibir) əlaqələndirmək yanlışdır. Bunun belə olmadığını son dövrlərdə Azərbaycandan, o cünlədən Qərbi Azərbaycandan tapılan və Göytürk yazılarından çox-çox qədim dövrlərə aid olan və özündə folklor elementlərini birləşdirən əski türk yazı nümunələri sübut etməkdədir .
Deyilənlərə Azərbaycanın türk-oğuz folklorunun, o cümlədən oğuz epik ənənəsinin ilkin formalaşma arealna daxil olduğunu sübut etməkdə olan çoxsaylı faktları da əlavə etmək lazımdır. Bu baxımdan “Alp Ər Tonqa” dastanı deyilənlərə ən gözəl misaldır. Nizami Cəfərov haqlı olaraq yazır ki, sözügedən dastan “ən geci e.ə. I minilliyin ortalarında formalaşmış olsa da, həmin dastandan türkcə çox az şey — yalnız M. Kaşqari "Divan"ında qeydə alınmış ağı qalmışdır. Ancaq güman edilir ki, Turan hökmdarı Alp Ər Tonqa (...İran mənbələrində Əfrasiyab) haqqında həm turanlılar (əslində türklər), həm də iranlılar arasında xüsusi dastan təşkil edəcək qədər əfsanələr, rəvayətlər dolaşmış, Ə. Firdovsi "Şahnamə"ni yazarkən İran mənbələri ilə yanaşı, türk mənbələrindən də istifadə etmişdir”.
Tədqiqatçıların qənaətinə görə, dastanlar qəhrəmanlıq dastanları və məhəbbət dastanları olmaqla iki qrupa ayrılır ki, onlardan qəhrəmanlıq dastanları nisbətən daha qədim hesab olunur. Folklorşünas alimlər hesab edirlər ki, «Azərbaycan məhəbbət dastanları orta əsrlərdə qəhrəmanlıq dastanları əsasında yaranmışdır. Lakin bu, o demək deyildir ki, orta əsrlərə qədər xalqın sevgi hissləri dastanlaşmamışdır. Bilirik ki, dastanlar xalq mənəviyyatının güzgüsüdür. Bu cəhətdən məhəbbət mövzusu dastan yaradıcılığının lap başlanğıcından var olmuşdur. Sadəcə olaraq, orta əsrlər məhəbbət dastanları meydana çıxana qədər məhəbbət motivləri qəhrəmanlıq idealına tabe olmuş və qəhrəmanlıq dastanlarının poetikasında qəhrəmancasına elçilik motivi şəklində ifadə olunmuşdur. «Kitabi-Dədə Qorqud» oğuznamələrindəki sevgi motivlərini xatırlayaq. Burada ülvi sevgi idealı böyük bir coşqu ilə tərənnüm olunur. Lakin bu sevgi motivi məhəbbət dastanlarında olduğu kimi dastan poetikasının aparıcı motivini təşkil etmir. «Koroğlu» dastanının, demək olar ki, bütün qolları toyla – məhəbbətin təntənəsi ilə başa çatır. Lakin burada təsvir olunan sevgi bütün hallarda cəngavər sevgisi olub, qəhrəmanlıq idealına tabedir». 
Məlum olduğu kimi, «Oğuznamə»lər tarixi və ədəbi «Oğuznamə»lər olmaqla iki qrupa ayırırlar. Onların hamısı əfsanəvi «əcdad Oğuz kağanın doğulmasını, Günəş işığını təmsil edən birinci arvadı, Ağac və Su ünsürlərini təmsil edən ikinci arvadı ilə evlənməsini, bunlardan Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz adlı altı övladının doğulmasını, bu altı oğuldan da iyirmi dörd oğuz tayfasının yaranmasını nəql edən kosmoqonik miflə başlanır. Bu hekayət, doğrudan da, mifdir. Çünki burada Oğuzun anası Ay kağandır. Arvadları Günəşi, Ağacı və Suyu təmsil edirlər. Altı oğlu da, öz növbəsində, təbiət ünsürlərini təmsil edirlər. Lakin bu hekayət oğuzlar üçün çox müqəddəsdir. Oğuzlar onları, indi bizim başa düşdüyümüz kimi, mif yox, kimdən və necə törəmələri haqqında tarixi həqiqət kimi qəbul edirdilər» .
“Oğuznamə”lərdə oğuzların ümumi əfsanəvi əcdadı və qəhrəmanı kimi çıxış edən Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) nizamlı kainat (dünya) yaratmaqla yanaşı, 24 oğuz boyuna başlanğıc verir və ulu əcdad Oğuz xanın bölgüsünə əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin idarəçilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ hami ruh qismində çıxış edir və bu cür də kultlaşır”.  
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan toplanmış bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya digər dərəcədə “Oğuznamə”lərin süjetləri ilə səsləşməkdədir. Onlardan birində deyilir: «Çox əzazil, özündə deyən bir padşah varımış. Bütün adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri nəymiş ki, bınnan icazəsiz cınqırığını çıxatsın. Ta işi o yerə çıxatmışdı ki, özünü allah élan eləmişdi. Hamı da qorxudan bını allah sayırdı. 
Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?
Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə gərəh oğlan nə desə əməl eliyəsən. 
Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli, vədə yetişir, bının bir kürəyişütün oğlu olur.  Tez qurban kəsillər, sora camahətə əhfalatı deyillər.
Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax ta danışmır. Bının adını Uğuz qoyullar.
Bir xeylah keçir. Uğuz on beş yaşına çatır.  Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, özü də heş kimin gözünə görsəmməz.
Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atasını öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göydəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanıyıllar».
Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yafəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir  əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır .
Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. 
Bəxtiyar Tuncay

Xəbər xətti