Avtomobillərin qiyməti niyə 2-5 min manat bahalaşıb? – VİDEO

15:46 - 29 Avqust 2016 - ÖLKƏ İÇİ

Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında durğunluq müşahidə olunur. Bazarda həm alıcı, həm  də maşın qıtlığı yaşanır. Yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması və mövcud iqtisadi durum avtomobilə marağı kəskin azaldıb. Ölkəyə xaricdən ikinci əl avtomobil gətirilməməsi yerli bazarda qiymətlərin artmasına təsir göstərib. Bunu maşın almaq məqsədi ilə bazara gələn alıcılar da deyir. Ucnoqta.az lenta.az-a istinadən xəbər verir ki, "köhnə avtomobillərin qiymətində artım var. Buna görə də maşın bazarında alıcı qıtlığıdır. Amma seçim etmək üçün maşın da yoxdur. Avtomobillərin sayı kəskin şəkildə azdır".

"Mitsubishi" markalı avtomobil axtarıram, demək olar ki yoxdur. İşlənmiş avtomobillərin qiyməti markasından asılı olaraq 1000-2000 min manat bahalaşıb".
Həmsöhbətimiz olan digər bir alıcı isə "Mercedes" markalı avtomobil almaq istəyir. Amma qiymət artımından şikayətçidir. "Bazarda maşınların sayı  azalıb, qiymət də cibimə uyğun deyil. 9-10 min manata ala bilərəm, amma bazara görə çox bahadır".
Satıcılar da əvvəlki aylarla müqayisədə qiymət artımın olduğunu deyirlər.
"2001-ci ilin maşınıdır. "Mercedes"dir. Qiyməti 8.500 manat, alan olsa, endirim də edərəm. Amma hələlik yalnız maraqlanırlar".
"Ford-Custom" 2014-cü ilin maşınıdır. Öz maşınımdır. Türkiyədə istehsal olunsa da, amerikan markasıdır. 31 min 700 manata almışam. 700 manat isə nömrəsinə vermişdim. İndi 26 min manata bazara çıxarmışam. Bazarda alıcılıq qabiliyyəti çox aşağı olduğundan ucuz qiymətə satıram. Pul yoxdur alıcılarda. Avtomobil saz vəziyyətdədir. Cəmi 7500 km yol sürmüşəm. Bir ildir ki, istifadə edirəm. Əsl ailə maşınıdır".
Avtomobil satıcıları həftənin digər günlərindən fərqli olaraq yalnız  bazar günü maşın bazarında canlanma olduğunu deyirlər. Satıcısı Sübhan Əliyev  bildirib ki, əgər iki ay əvvəl ayda 3-4  maşın satmaq mümkün idisə, indi bu say 1-2-yə enib.  Bazarda boşluq əhəmiyyətli dərəcədə hiss olunur, satıcıların sayı alıcıların sayından çoxdur.
Qiymətlərə gəlincə,  bəzi modellərdə qiymət fərqi hətta 16 min manata kimi yüksəlib. Məsələn, əvvəl 27 min manata təklif edilən  “Hyundai Santa Fe” hazırda 27 min dollara satılır. 32 min dollarlıq 2016-cı il model “Toyota Rav4” maşınının satış qiyməti təchizatdan asılı olaraq 34-37 min dollar arasında dəyişir.  “Nissan X Trail” isə 23-25 min dollardan 27 -30 min dollara kimi bahalaşıb.
""BMW" və "Mercedes" markalı işlənmiş avtomobillər bazarda 7,8 -15 min manat arası qiymətə satılır. "BMW" 24 min dollar, " Volkswagen Pure" 15 min manat, "Mercedes" 12 min dollar, "LEXUS" və" Gelenvagen-Mersedes" 45  min  dollardır.
Qiyməti 20 mindən baha olan avtomobillərin də alıcısı barmaqla sayılacaq qədərdir.
Satıcının sözlərinə görə, alıcı tapılmadığından hətta avtomobillər bazardan çıxarılıb dayanacaqlarda saxlanılır. Bununla belə ikinci əl avtomobillərin qiymətləri də bahalaşır.
İstehsal tarixi 2006-2009-cu illər olan “Mercedes E Class” modellərində qiymət fərqi daha çoxdur. Bu avtomobillər 2-3 min manat bahalaşıb. Məsələn, bu avtomobilin 2006-cı ilin dizel mühərrikli versiyası əvvəl 13-14 min manata satılırdısa, indi qiyməti 16 min manata kimi artıb. 18-19 min manatlıq 2007-ci il model 3.5 l mühərrikli “Mercedes E Class” avtomobilini isə hazırda 22 min manata almaq olar. Eyni  qiymət fərqi 2008-2009-cu il model “Hyundai” avtomobillərinə də aid etmək olar. Məsələn, “Hyundai Santa Fe” 13-14 min manatdan 15-16 min manata kimi bahalaşıb.
Avtomobil satıcıları bildirirlər ki, hazırda bazarda daha çox satılan istehsal tarixi 2005-ci ilə kimi olan "Mercedes" avtomobilləri, 2008-ci ildən yuxarı olan "Hyundai", "KİA", "Toyota", "Nissan" avtomobilləri daha çox bahalaşıb.
"Avtomobil bazarında alıcı qıtlığı yaşanır. Alıcılar qiymət artımından, satıcılar isə alıcı qıtlığından şikayətlənirlər. Gördüyünüz bu avtomobil " Toyota Land Cruise" bazara 30 min dollara çıxarılıb. 2002-ci ilin maşınıdır. Bazara ikinci dəfə çıxarılmasına baxmayaraq, hələ də alıcısının yolunu gözləyir".
Bundan başqa "Hyundai" avtomobilləri arasında daha çox satılanlardan "Accent", "Elantra" və "ix35" modelləri bahalaşıb. Məsələn, əvvəl 15 min manata satılan "Elantra" indi 16-18 min manata, 20 min manata satılan 2014-cü il model "ix35" avtomobili isə 22-24 min manata satılır.
"Toyota" avtomobillərindən isə daha çox "Prado" modelləri bahalaşıb. Məsələn, bir neçə ay əvvəl satılmadığına görə qiymətləri ucuzlaşan 2.7 mühərrikli 2008-ci il model "Prado" maşını 16 min manatdan 20  min, hətta 25  min manata kimi bahalaşıb.
Bu həftə bazara "Audi Q7" tipli bahalı markalar çıxarılmayıb.
“Mercedes”lə yanaşı,  “Lada” və “Opel”lərin də qiyməti artıb. Belə ki, əvvəl 4300 manata satılan 2011-2012-ci illərə aid “Lada 21012” və “Lada 21015” avtomobilləri 4800-5200 manata kimi bahalaşıb. “Vaz 2107”in qiyməti 500-700 manat artıb. Məsələn, əvvəl 3300 manata olan maşın 3800-4000 manata təklif edilir. “Opel Astra” modellərinin qiymətində 500-700 manat artım müşahidə olunur. 2001-2002-ci il “Opel” modelləri 3300-3500 manatdan 4000-4300 manata kimi bahalaşıb. Rus avtomobillərinin qiymətində də artım müşahidə edilir.
"Bazara sovet başını çıxarmışam, " NİVA". 8 min 500 manata. Artıq ikinci həftədir ki, sata bilmirəm. Əvvəlki aylarda satış bundan fərqli idi. İndi zəifdir. Sovet maşınlarının qiyməti iki ay öncə 500 manat aşağı idi. Manatın məzənnəsi işlənmiş sovet maşınlarının qiymətinə də təsir edib".
Həmsöhbətimiz olan həm alıcılar, həm də satıcılar deyir ki,  bazara yeni avtomobil çıxarılmasının başqa bir səbəbi də var. Artıq hər kəs maşınların qiymətini bazardan deyil, elektron ticarət portallarından öyrənməyə üstünlük verir. Saytlarda qiymətlərlə tanış olmaq, müqayisə aparmaq, satıcı ilə sövdələşmək daha rahat olduğundan artıq heç kəs maşın almaq üçün bazara getmək istəmir.

Xəbər xətti