Yanğın hadisələrinin baş vermə səbəblərini açıqlayıb - ETSN

13:51 - 26 Avqust 2016 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son vaxtlar baş verən yanğın hadisələrinin səbəblərini açıqlayıb.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışından, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından, son vaxtlar “təbiətsevərlər”, “təbiət dostları” adı ilə meşələrdə “dincələn”, müəyyən vəsait müqabilində turlar təşkil edən, lakin təbiətə münasibətdə adi normalara əməl etməyən primitiv düşüncəli bir qrup şəxsin lovğa və özündənrazı hərəkətlərindən irəli gəlir.
“Belələri özlərini avropasayağı istirahət edənlər qisminə aid etsələr də təəssüf ki, dünyagörüşləri və düşüncə tərzləri özlərindən sonra meşələrdə qoyduqları zibilliklər, üfunət iyi, ocaq yerləri onu deməyə əsas verir ki, bu “təbiətsevərlər” Azərbaycan meşələrinin zibilləndirilməsində və yanğınların törədilməsində bilavasitə günahkardır. Bu cür şəxslər və qruplara qarşı yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək. Təəssüf hissi ilə bildiririk ki, təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşlar yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımlar nəticəsində hektarlarla meşə örtüyü məhv ola, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşə bilər”, – deyə məlumatda qeyd olunub.

Xəbər xətti