Veteranların sevimlisi

13:26 - 26 Avqust 2016 - Cəmiyyət

 Üçüncü dəfədir bu sağlamlıq mərkəzi barədə yazıram. Müalicəxananın ikinci korpusunun ikinci mərtəbəsində şöbə müdirinin iş metodu ilə tanış oldum.
  Gülşən xanım hər gün səhər saat 9-da 5 dəqiqəlik işçiləri toplayır və lazımi tapşırıqlarını verir, sonra palatalara nəzər salır, otaqların, dəhlizin səliqə-sahmanına diqqət yetirir, xüsusən xəstələrin əhvali-ruhiyyəsini ön plana çəkərək onlarla söhbət edir.
İntizamına söz ola bilməz. Verdiyi tapşırıqlarında diqqətlidir. Xəstələrlə mehriban münasibəti vardır. Hippokrat andına həmişə sadiqdir.
    Gülşən Əliqulu qızı Əliyeva 1993-cü ildə Azərbaycan Dövlət Tibb Unveristetini bitirib. Əvvəlcə Qaradağ rayonunda işləyib, sonra Bakı şəhərinin Sabunçu rayonundakı poliklinkada çalışıb. Harada işləməyindən asılı olmayaraq hörmət qazanıb. O, peşəsinin ustasıdır, xəstəliklərlə mübarizədə daima müsbət nəticələrə nail olur.
    1999-cu ildən Respublika Əmək və Müharibə Veteranları xəstəxanasında işləyir və müalicə işləri üzrə şöbə müdiri vəzifəsini aparır.
    Gülşən xanım əslən Bakı şəhərinin Şüvəlan qəsəbəsindəndir. Bu barlı-bəhərli, güllü-çiçəkli diyarın əvəzi yoxdur. Yetkinlik yaşından həyət-bacada, bağda-bağçada işləyib, xırda-para işlər görüb, özünü zəhmətə alışdırıb. İndinin özündə də işsiz dura bilmir. Xəstəxanadan evə qayıdandan sonra evdarlıqla yanaşı, bağçada işləməyi sevir.
    Gülşən xanımın rəhbərliyi altında iki həkim, 10 tibb bacısı fəaliyyət göstərir. Bununla belə o, vaxtının bir hissəsini mütaliəyə sərf edir. Dünya ədəbiyyatının ən yaxşı əsərlərini, tibbə dair yeni nəşrləri oxuyur və xalq təbabətini zövqlə öyrənir.
    Şöbə müdirinin rəftarından, iş prosesindəki tələbkarlığından hamı razıdır.
Həkimlik şərəfli peşədir. Bu sənətin sahibləri insanlara sağlamlıq bəxş etməklə həm ulu tanrı qarşısında, həm də bəşər övladlarının nəzərində yüksək hörmətə malik olurlar.
    Deyirlər ki, həkimlər mənsub olduqları xalqın milli sərvətidir. Doğru kəlamdır. Əgər ucqar bir ərazidə yaşayanların yaxınlığnda həkim varsa, adamlar heç vaxt darıxmır, təskinlik taparaq ona güvənir, ölüm qorxusunu yaddan çıxarır və güman edirlər ki, kritik məqamlarda həkim təhlükənin qarşısını alacaq. Amma o yerdə ki, həkim yoxdur, işlər çətinləşir.
    “İstərdik ki, hər zaman hər yerdə həkimlərin əhatəsində olaq.Özüdə Gülşən xanım kimi qayğıkeş, insanpərvər, peşəsinin vurğunu olan həkimlərin. Bu sözləri xəstəxanada olan veteranlar” deyirlər.
    Gülşən xanıma gözəl sənətində və işgüzar fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
    Yeri gəlmişkən xəsəxananın qayğılarından da danışmaq istərdik. Binalarda təmir işləri yarımçıq qalmışdır. Birinci korpusda və müalicə aparılan binada görüləsi iş çoxdur.
    Gülşən xanımın arzuları: “ Respublikamızın rəhbəri, cənab Prezident İ.Əliyev müharibə və əmək veteranlarına həmişə qayğı ilə yanaşır. Onların sağlamlığı diqqətdən kənarda qalmır. Hamının arzusudur  xəstəxananın maddi-texniki bazası yaxşılaşsın, təmir-tikinti işləri tezliklə başa çatdırılsın, hər tərəf gül-çiçəyə bürünsün. Su çatışmazlığından ağacların bir qismi sıradan çıxmaq üzrədir. Belə problemlər tez zamanda aradan qaldırılsın.
    Müharibə və əmək veteranlarına qayğı göstərmək ulu öndər Heydər Əliyevin siyasətində əsas yer tuturdu. Buna görə də respublikamızın rəhbəri cənab İ.Əliyev də həmin siyasəti uğurla davam etdirməkdədir.
 
Rəzzaq Sucayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

                                           

Xəbər xətti