Türk folkloru: Yaxın və uzaq tariximiz

19:18 - 25 Avqust 2016 - KİVDF

Rəvayətin bir xüsusiyyəti onların tarixi fakta əsaslanmasıdır

Rəvayətin bir xüsusiyyəti onların tarixi fakta əsaslanmasıdır. Tarixi hadisələr xalqın yaddaşında mövkəm kök saldığından onu uzun zaman unutmur, təhkiyə zamanı müəyyən faktları artırıb və ya azaldıb auditoriyaya çatdırır. Bu proses zaman hüdudundan asılıdır. Əgər zaman müddəti epos düşüncəsində öz funksiyasını itirmişsə, real əsasını qoruyub saxlaya bilməmişsə, söylənilən hadisə tarixi rəvayət tipinə çevrilir. R. Qafarlının fikrincə,  rəvayətləri  janr spesifikasınıa görə 4 yerə bölmək lazımdır: 
1. Birbaşa tarixi hadisələrdən doğan rəvayətlər;
2. Hansısa əlamətinə görə tarixi abidələrə çox qədim və tamamilə başqa münasibətlə yaranan rəvayətlərin (yaxud, əfsanə, nağıl, mif motivlərinin) şamil edilməsi; bunlarda təsvir olunan hadisələr aldadıcıdır.
3. Tarixi şəxsiyyətlərin adlarından qalxan kimi istifadə edərək xalqa lazım olan əxlaqi-etik normalarını yaymaq məqsədi güdülür. Belə rəvayətlərdə tarixi abidələrin mənşəyi çox dumanlı şəkildə göstərilir. Onlarda əfsanə elementləri güclü olur.
4. Məhəmməd peyğəmbərin və onun doğmalarının, yaxınlarının fəaliyyətini əks etdirən dini rəvayətlər”.
S. Paşayevin fikrincə, “Rəvayət real həyat həqiqətlərinin təhkiyə formasında bədii ifadəsidir. Rəvayətdə olmuş, baş vermiş həyat hadisələri yığcam şəkildə inikas olur. Doğrudur, rəvayət də dəyişir, vaxt keçdikcə törəndiyi yerdən başqa bir yerə, əraziyə adladıqca o da nəyisə itirir və ya nə isə yeni bir ştrix, əhvalat, hadisə ona əlavə olunur. Bütün bunlarla yanaşı, rəvayətlərdəki reallıq öz varlığını daha çox tarixi şəxsiyyətlərin həyatı və hünərləri ilə bağlı olduğu üçün bu və ya digər tərzdə qoruyub saxlayır”. Bütün bu deyilənlər öz əksini aşıq rəvayətlərində daha gözəl və daha obrazlı şəkildə tapıb və onlar konkret tarixi hadisələri daha canlı dillə əks etdirir. “Ağbaba aşıq mühitinin el sənətkarlarının yaradıcılığında aşıq rəvayətlərinin əsas yer tutması bir növ ənənəvi bir hadisəyə çevrilmişdir. Çox güman ki, bunun əsas səbəbi bu bölgə ərazisinin uzun illər boyu mü¬haribə meydanlarına çevrilməsi, əhalinin başqa yerlərə tez-tez üz tutması ilə də ilgilidir. Nisbətən əlverişli olub yadda yaxşı qaldığından görünür el sənətkarları aşıq rəvayətlərinin yara¬dıl¬masına xüsusi fikir vermişdilər. Aşıq rəvayətləri yaradılan¬dan sonra əsas folklor daşıyıcıları olan aşıqlar onlardan dastan da formalaşdıra bilirdilər. Məsələn, “Qaçax Usuf” dastanı bir neçə aşıq rəvayətindən yaradılmışdır. Rəvayətlər əsasında formalaşmanın üstünlüyü bundadır ki, zaman keçdikcə dastan itib-batsa da, yaxud müəyyən səbəblərə görə aşıq repertua¬rında müəyyən fəsil almayıb tədricən passivləşərək bir növ özünün əvvəlki görkəmini forma, həcm və s. baxımından dəyişsə də, onu çevrələyən ilkin mərhələdəki tutumunu müha¬fizə edərək sözügedən mərhələdəki görüntüsündə aşıq rəva¬yətləri şəklində öz mövcudluğunu saxlaya bilir”.
T. Qurbanov yazır ki, “Tarixi hadisələr, daha doğrusu, siyasi hadisələr nəticə-sində Çıldır vilayəti bir neçə yerə parçalansa da, Mexseti-Ça¬vaxetiyanın əhalisi, 116 minə qədər Axısqa türkü 1944-cü ildə uzaq Qazacxıstana sürgün edilsə, 1988-ci ildə böl¬gənin əhalisi bölgədən zorla çıxarılsa da, Ağbaba ərazisin¬dən toplanıb yazıya alınan aşıq rəvayətləri Çıldır vilayətinin folk¬lorda bütövlüyünü və tamlığını əks etdirir. Elə bu xüsu¬siy¬yə¬tinə görə də aşıq rəvayətlərinin böyük tarixi əhəmiyyəti vardır”. Ağbaba aşıq mühitinə xas aşıq rəvayətlər içərisində erməni vəhşəti ilə bağlı olan rəvayətlərin özünəməxsus yeri var. Bu rəva-yətlərdə erməni van¬da¬lizmi tam çılpaqlığı ilə əks olunmuş, mənfur düşmənin çirkin niyyətləri obrazlı şəkildə ortaya qoyulmuşdur: “Ağbulaq talan edilmiş, əvlərə od vurulmuşdu. Kən¬din əhalisinin hamısını bir toyluya dolduruf diri-diri yan¬dır¬mış, qalan adamları, arvad-uşağı doğram-doğram eləmişdi¬lər. Küçə¬lər başsız bədənnərnən, kəsilmiş əl-əyaxnan doluy¬du” .Başqa bir rəvayətdə isə deyilir: “Ermənilər burda da kənd camahatını qırmış, əvləri yandırmış, üstəlih addı seyidlərin başlarını kəsif itdərin boy¬nuna bağlamışdılar” - bu qeydlər də “Ağbulaq Aralıq qırğını” aşıq rəvayətindəndir. Müəllif yana-yana bu faciəni təsvir edir: “Ermənilər camahatı əvlərə dolduruf od vurmuşdular. Od vurulmuş kətdər hələ də tüstülənirdi: yanan insan cəsətlərinin iyi adamı laf uzaxdan vururdu” (Əbdüləli baba, Oxçoğlu kəndi).
Qəhrəmanlıq mövzusunda olan aşıq rəvayətlərində də erməni vəhşəti ilə bağlı süjet və motivlər xüsusi yer tutmaqdadır. ““Məşədi Paşa” adlı aşıq rəvayəti 1918-ci il erməni vəh¬şətindən dolayı ağbabalıların İrana gedən köçünə başçılıq edən, dərhal qırx nəfərlik silahlı dəstə yaradıb arvad-uşağın təhlü¬kəsizliyini təmin edən Oxçoğlulu Məşədi Paşadan bəhs edir. Məşədi Paşanın cəsarəti, qabiliyyəti, cəsurluğu və igid¬liyi sa¬yəsində ağbabalıların əksər hissəsi sağ-salamat İrana keçə bilmişdi (198). Bu əhvalatı incəliyinə qədər özündə əks etdirən aşıq rəvayəti də (“Elin İrana getməsi, Sörəyel köçü”) vardır” .
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım zamanı Bavra kəndinin sakinlərinin düşmənə göstərdikləri müqavimətdən bəhs edən “Qaçax Usuf oğlu Məmmədvəli” adlı aşıq rəvayətdən belə aydın olur ki, rəvayətin əsas personajı olan Məmmədvəliyə dağ başında əlverişli mövqe tutaraq ətraf kəndləri top atəşinə tutan ermənilərin topları susdurmaq tapşırılmışdı. Məmmədvəli bu tapşırığı yerinə yetirərkən ağır yaralanır: “Onu qa¬marladılar ki, zülümnan, işgəncəynən öldürsünnər. Çünki Məm¬mədvəli yeddi-səkkiz yerdən yaralanmışdı. Ayax üsdə güjnən dururdu. O, özünü ələ aldı, xancalını çıxardıf erməni¬lərin üsdünə yaralı aslan kimi yeridi. Birini başınnan, birini döşünnən, birini çiyninnən xançalladı. Çiyninnən vurduğu çox yekəpər adam idi, ona bir də hücum elədi, çünki Məm¬mədvəliyi qan aparırdı, yıxılmışdı. Düşmən aşağı əyilif onun başını kəsməh isdiyəndə Məmmədvəli xançalnan onun düz alnına elə vurdu ki, erməni o sahat yerə yıxılıf qaldı. Məm-mədvəli özünü tofluyuf ayağa qalxdı”.
Gerçək tarixi hadisələri əks etdirən bu rəvayətdə təsvir edilən Bavra döyüşü haqqında  məlumata  Aşıq Nəsibinin aşağıdakı qoşmasında da rast gəlinməkdədir:

Musurman qanını işdi su kimi, 
Bavrada topları qurdu erməni. 
Kəndləri dağıtdı, talan elədi, 
Dağı sinələrə vurdu erməni.

Tülkü tək marığa yatdı, nə yatdı, 
Bir vəlvələ saldı, arıyı qatdı. 
Məsum körpələri tonqala atdı, 
Tutub bərələri durdu erməni.

Yandırdı dağları, həm asdı-kəsdi, 
Qannan dərya oldu, demədi bəsdi. 
Köylərin üstünə afat tək əsdi, 
Musurmana toru qurdu erməni.

Azərbaycanın müxtəlif bölgələrindən toplanmış rəvayətlər içərisində dövlətçilik tariximizdə önəmli rola sahib olmuş hökmdarlardan bəhs edən süjetlərə də tez-tez rasy gəlinməkdədir. Bu baxımdan  Nadir şahdan bəhs edilən “Müxənnət təpəsi” adlı rəvayəti misal çəkmək olar: “Uluxannı ilə İrəvan arasında Müxənnət təpəsi addı bir təpə var. Deyilənə görə, Nadir şah İrəvanda olarkən həmin təpənin torpağını atdarın belində torbalarnan daşıtdırarax ucaltmış və öz ailəsinin çadırrarını həmin təpənin üstündə qurdurmuşdur.
Oğlunun gözdərini kor etdihdən sora dərin peşmançılıx keçirən Nadir şah əsəbi vəziyyətində İrəvan xannığı ərazisindən ona bir torba göz gətirilməsi barədə göstəriş verib, çadırına çəkilir. İrəvanın başbilənnəri yığılıb məsləhətdəşillər ki, nə etsinnər. Ulu xan addı xan çıxış yolunu Nadir şahı öldürməhdə görür və bu vəzifəni öz boynuna götürür. Həmin gecə Nadir şahın anası yuxuda görür kü, şah qan gö¬lündə üzür. öz çadırınnan çıxarax oğlunun çadırına gəlir və yuxusunu ona danışır. Nadir şah deyir ki, mənim ətrafımda bu qədər qoşun var ikən mənə kim yaxın düşə bilər. Anası öz çadırına qayıdır və bir az keşmiş qoşun çaxnaşmıya düşür kü, şahı öldürdülər. Beləliynən, camahat o vaxdan həmən təpəni Müxənnət təpəsi addlandırmağa başdıyır”.
S. P. Pirsultanlı bildirir ki, tarixi şəxsiyyəti tarixdə başqa cür, xalqın yaratdığı əfsanə və tarixi rəvayətlərdə başqa cür görmək olur. İskəndər Zülqərneyn, Ənuşirəvan, şah Abbas və Nadir şah haqqında tarixdə olduğundan çox fərqli nağıl və rəvayətlər yaranmışdır» Alim burada yerinə düşdüyündən Nadir şah haqqında yerli bir rəvayəti xatırladaraq yazır: «Nadir şah Şəmkirin Koltəhnəli kəndinə gəlir. Camaat, xüsusən ağsaqqallar Nadir şaha sayqı göstərmirlər. Çünki o, Şəmkir qalasını dağıtdırmış və Bəbir kimi igidi məhv etmişdi. Vəzir kənd ağsaqqallarına bildirir ki, qarşınızdakı Nadir şahdır. Ağsaqqallar birdən dillənirlər:
-Şahdır özünə, bizə nə?
Nadir şah geri dönür… Tələb edir ki, Koltəhnəlidən bir ağsaqqal gəlib mənim suallarıma cavab verməlidir. Əks təqdirdə kəndi qılıncdan keçirəcəkdir.
Kənd ağsaqqallarından biri deyir ki, onun suallarına cavab verməyə mən gedəcəm. O, inək dərisinin qol yerlərini deşib əyninə geyini və şahın hüzuruna gəlir. Aqil qoca Nadir şaha bildirir ki, Koltəhnəlidən mən gəlmişəm, suallarınıza cavab verməyə hazıram.
Nadir şah sual verir:
-İskəndər Zülqərneyn qoçaq olardı, yoxsa mən?
-Əlbəttə, Siz. İskəndər Zülqərneyn hökmdar Filippin oğlu idi. O, ənənənyə görə hakimiyyətə gəlməli idi, gəldi. Sizin atanız, babanız hökmdarlığın nə olduğunu bilməyib. Siz qaçaq-quldurun biri ola-ola zor gücünə hakimiyyətə gəlmisiniz.
Nadir şahın ikinci sualı belə olur:
-Şah Abbas nüfuzlu hökmdar idi, yoxsa mən?
-Əlbəttə, Siz. Şah Abbas Səfəvi nəslindən idi. Ondan əvvəl dağ kimi Şah İsmayıl Xətai dayanırdı. Buna baxmayaraq Şah Abbas nə qədər ağıllı olsa da, öz mənliyini, nüfuzunu qorumurdu. Dərviş libası geyinib qapı-qapı gəzirdi. Ailələrə baş çəkirdi və ölkənin durumunu bu yolla öyrənirdi. Siz isə atanız-babanız görmədiyi halda, tacı başınıza elə qürurla qoymusunuz ki, o libası soyunub heç vaxt dərviş paltarı geyməzsiniz.
Rəvayətə görə, Nadir şahın üçüncü sualı belə olur:
-Həzrət Əli qoçaq, güclü olardı, yoxsa mən?
-Şah, daha bir o qədər qələt eləməyin.
Adi kəndlinin özünəməxsus qənaəti, kəskin cavabı şahın xoşuna gəlir, ona dəyərli hədiyyələr verir». 
S. P. Pirsultanlı və süjeti nəql etdikdən sonra yazır ki,  folklor nümunələri yaranarkən yazıya söykənmir, şifahi şəkildə yaddaşlara ötürülür. Yaddaşlarda o söz qalır ki, ağlabatandır, onda böyük hikmət var. Xalqın belə tarixi rəvayətləri bədii cəhətdən təsviri romanlardan, hekayələrdən daha güclü olur. Xalq özünün yaratdığı örnəklərdə tarixi hadisələrin pozulub-pozulmamasına o qədər də əhəmiyyət vermir. Lakin hər bədii sözün qüdrətinə sadiq qalır.

Xəbər xətti