"O xanımı həkimə şər atdığı üçün məhkəməyə veməyi düşünürük”

13:07 - 25 Avqust 2016 - Xəbər

Bakı Sağlamlıq Mərkəzi həkimin xəstəxanaya sərxoş gəlməsilə bağlı ittihamlara münasibət bildirib 


 “Xəstə Vladimir Zatovun Bakı Sağlamlıq Mərkəzində ölümü ilə bağlı qızı İrina Zotovanın sosial şəbəkələrdə yazdıqları ittihamlar əsassızdır. O xanımı həkimə şər atdığı üçün məhkəməyə veməyi düşünürük”.
Bunu “Report”a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov deyib.
O deyib ki, İrina Zotovanın dediklərinin hamısı yalandır: “Guya həkim Elçin Əzizov əməliyyata gələndə sərxoş olub. Elə bir şey olmayıb. Həkimə şər atır və zamanında buna görə cavab verəcək. Həmin həkim savadlı, bilikli həkimdir. Bakı Sağlamlıq Mərkəzində əməliyyatların 90 faizini o edir. İl ərzində nə qədər əməliyyat edib, bir nəfər də xəstəsi ölməyib”.
Baş həkim bildirib ki, xəstəni yiyəsi Bakı Sağlamlıq Mərkəzinə ölüm vəziyyətində gətirib: “Biz ona diaqnoz vermişdik ki, 99 faiz ölümlə nəticələnə biləcək bir vəziyyətdədir. Xəstəni “Təcili tibbi yardım” maşını ürəyin infarktı və səyrici aritmiya diaqnozu ilə gətirib. Xəstə gələn kimi biz başladıq onu müayinə etməyə. Vladimir Zatov iki dəfə infarkt keçirtmiş adamdır, bu dəfə isə bağırsağın infarktı idi. İki dəfə ürək infarktı keçirmək o deməkdir ki, xəstə öz səhhətinə baxmayan adamdır. Çünki bir dəfə infarkt keçirdən adam poliknikada dispanser qeydiyyatında olur və minimum hər üç aydan bir öz sahə həkiminin yanında olub, müalicəsini ömrünün axırına kimi davam etdirməlidir. Yəqin, qeyd olunan şəxs öz sağlamlığına nəzarət etməyib ki, ürəyi ikinci dəfə infarkt vurub. Üçüncü dəfə yenə ürəyindən ağrılar, səyrici aritmiya diaqnozu ilə bizim xəstəxanaya daxil olub. Səyrici aritmiya trombun yerindən tərpənməyinə təsir edir, bu səbəbdən də xəstənin orqanizmində tromb yerindən tərpənib və gedib bağırsaq arteriyasını tutub. Saat 21:00-21:30 arası xəstənin qarın ağrıları başlayıb. Həkimin də iş vaxtı bitib, evinə gedib. Xəstəxanaya xəstə gələn kimi zəng ediblər ki, xəstə var təcili gəl. O da Şüvəlandan öz avtomobilinə minərək xəstəxanaya gəlib. Həkim 25 dəqiqəyə özünü çatdırıb. Sərxoş adam avtomobil idarə bilməz. Addımbaşı yollarda yol polisi durur. Məgər onların dediyi vəziyyətdə olan sərxoş adam avtomobil idarə edib o qədər yolu qət edə bilər?! Xəstəxanada kameralar var. Kamera görüntülərindən görünür ki, həkim pilləkənlə necə qalxır, xalatını geyinir, özü xəstənin yanına düşür. O, xalatını geyinməyə gedəndə liftlə qalxmır. Amma xəstənin qızı yazır liftdən düşüb qoluna giriblər və s.”.
Baş həkimin sözlərinə görə, həkim Elçin Əzizov Laparoskopi metodla xəstənin qarnına baxıb və diaqnoz qoyub ki, 90 faiz bağırsaq çürüyüb: “Bağırsaq infarktında bağırsaqda çirkab, iy olduğuna görə çürümə prosesi tez gedir. Bu halda nə əməliyyat, nə də başqa müdaxilə etmək olmaz. Bu, ölümə bərabər bir şeydir. Amma buna baxmayaraq biz səhərə kimi bütün reanimasion tədbirlər görmüşük, xəstəyə nə lazımdırsa hamısı olunub. Biz əvvəlcədən xəstənin vəziyyəti ilə əlaqədar proqnoz qoymuşduq ki, o, yaşamayacaq. Buna baxmayaraq, biz həkimlik borcumuzu yerinə yetirdik”. 

Xəbər xətti