Xədicə İsmayılın kompensasiya tələbi üzrə məhkəmə keçirilib

15:17 - 24 Avqust 2016 - Xəbər

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Xədicə İsmayıl Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə prosesi davam edib.Lent.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çıxışlar mərhələsi keçirilib.
Xədicə İsmayılın nümayəndəsi Yalçın İmanov çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs 5 dekabr 2014 il tarixindən 6 mart 2015-ci il tarixinədək qanunsuz olaraq həbsdə olub: “5 dekabr 2014-cü il tarixində Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə şübhəli bilinərək Səbael rayonu Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. 91 gün keçəndən sonra ona digər maddələr üzrə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr  tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə bəraət hökmü çıxarılıb. Ali Məhkəmədə bu, təsdiqlənərək qanuni qüvvəyə minib. Bu da onun sübutudur ki, Xədicə İsmayıl 91 gün qanunsuz olaraq Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə həbsdə olub. Bu müddətdə Xədicə İsmayıla həm maddi, həm də mənəvi zərər dəyib. Tutulan zaman Xədicə İsmayıl “Azadlıq” radiosununda çalışıb və aylıq 2 min manat əməkhaqqı alıb. Saxlandığı 91 gün ərzində onun ailəsi yanına taksiylə gedib, mədəsindən əməliyyat olunduğu  üçün ona dietik yeməklər aparılıb. Əlavə olaraq onun hüquqlarını müdafiə edən mən və Fariz Namazlıya ödənişlər edilib. Bunların hamısı ümumi olaraq 9030 manat təşkil edir. Bu, Xədicə xanıma dəyən maddi ziyandı. Biz mənəvi zərər kimi isə 20 min manat tələb qoymuşuq. İddiamızın təmin edilməsini tələb edirik”.
Bakı şəhər Prokurorluğunun nümayəndəsi Günel Əkbərli bildirib ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. 
 Vəkil Yalçın İmanov məhkəməyə sənədlər təqdim edib. O bildirib ki, Xədicə İsmayıl vergi ödəciyisi olub: “Vergilər Nazirliyinə sorğu ilə müraciət etmişik. Sorğumuza cavab olaraq bildiriblər ki, Xədicə İsamyıl 2011-2014-cü illərdə 103 min manat gəlir əldə edib və bundan 4 mini sadələşmiş olaraq vergi verib. Bu Xədicə İsmayılın gəlirlərinin nə qədər olmasından xəbər verir. Biz digər sənədləri də gələn prosesdə təqdim edəcəyik”.
Maliyyə Nazirliyinin nümayəndəsi də çıxışında iddianın təmin edilməməsini istəyib.

 
Məhkəmə prosesi sentayabrın 23-də davam edəcək.
 
Qeyd edək ki, Xədicə İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Jurnalist 91 gün qanunsuz olaraq həbsdə saxlandığı üçün Baş Prokorluqdan 29 min 30 manat kompensasiya tələb edib.
Onu da qeyd edək ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O jurnalist Tural Mustayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə  7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Xəbər xətti