Göyçaydakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

12:41 - 24 Avqust 2016 - Xəbər

Dünən axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində təşkil edilən toy mərasimində qidadan zəhərlənənlərin ümumi sayı 38 nəfər olub.Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, onlardan 10-u uşaq olub.
İ. Abdullayev bildirib ki, ilkin məlumatlara görə dünən toyda iştirak edənlərin dəqiq hansı qidadan zəhərləndiyini hələ demək düzgün olmaz: “ Qonaqlar meyvə şirəsindən zəhərləndiklərini iddia etsələr də, onlar ev şəraitində bişirilmiş ətli sulu yemək, tikə, lülə kabablar, turşu da yeyiblər.  Toyda yeyilən turşunun zəhərlənməyə səbəb olma ehtimalı bir qədər azdır, çünki bu məhsulda botulizm əlamətləri yoxdur. Kütləvi zəhərlənmənin toyda yeyilən lülə kababla bağlı olma ehtimalı isə çoxdur.
Hazırda kütləvi zəhərlənmənin konkret nədən qaynaqlandığını müəyyən etmək üçün toyda yeyilən tikə, lülə kababları, ətli sulu yeməkdən, meyvə şirələrindən nümunələr və qonaqların qusma qalıqları rayon gigiyena mərkəzində götürülərək bizə göndərilib.  Müayinələr aparıldıqdan sonra kütləvi zəhərlənməyə nəyin səbəb olduğunu ictimaiyyətə açıqlayacayıq”.
Şöbə müdiri qeyd edib ki, hazırda zəhərlənənlərdən 4 nəfərin xəstəxanada müalicəsi davam etdirilir: “ Onlardan biri 12 yaşlı, biri 4 yaşlı uşaq, digər iki nəfər isə orta yaşlı xəstələrdir. Həkim tərəfindən müalicələrinin davam etdirilməsi məsləhət görülüb ”.
Xatırladaq ki, dünən axşam saat 18:30 radələrində Göyçay rayonun Yekəxana kəndində kütləvi zəhərlənmə qeydə alınıb. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdirilmişdi.
İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə meyvə şirəsinin səbəb olduğu deyilir. 

Xəbər xətti