Əli Kərimlinin köməkçisi 3 aylıq həbs edildi

16:33 - 22 Avqust 2016 - Xəbər

Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs-qətimkan tədbiri seçilib.Lent.az-ın məlumatına görə, prosesdə müstəntiq Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsini istəyib. Hakim müşavirəyə gedib. Qərara əsasən Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. 
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xəbər xətti