Türk folkloru: yaxın və uzaq tariximiz

19:14 - 19 Avqust 2016 - KİVDF

Herodotun Astiaq və Tomiris haqqında yazdıqları Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələridir

Tarix və folklorun, daha dəqiq desək, rəvayət və əfsanələrin çuğlaşmasın «tarixin atası» adlandırılan Herodotun tarix kitabında da rast gəlirik. Onun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədim dünyanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından, onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini və folklorunu öyrənmək baxımından da qiymətli məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyət malikdir. «Herodotun "Tarix"ini açan hər kəs birinci kitabın ilk sətrində iki ad görür: "Halikarnaslı Herodot..." Sonra bütün "Tarix" boyu gah uzaq keçmişin o vaxta qədər qalan abidələrini öyrənən, keçmişlər haqqında birinci, ikinci, hətta üçüncü dildən olaylar, əsatir, əfsanə, rəvayət, dastan və müdrik sözlər eşidən; gah da zamana hadisələrinin iştirakçıları ilə görüşərək onların fikrini və xatirəsini dinləyən müəllifin hər şeyə açıq-aşkar, birbaşlı, qərəzsiz və ədalətli rəyini sanki "eşidirik". İlk sətirdə nişan verilən müəllifin və onun doğulduğu şəhərin adına qalanda bu, o vaxtın dəbindən gəlir». 
Maraqlıdır ki, Azərbaycan ədəbiyyatşünasları Herodotun Astiaq və Tomiris haqqında yazdıqlarının Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri kimi gözdən keçirirlər. Məsələn Y. Babayev yazır ki, «Midiya və Albaniyada zəngin bir ədəbiyyatın varlığını onun bizə gəlib çatan … «Tomris» və «Astiaq» əfsanələri, Cavanşirin ölümünə Davdağın yazdığı mərsiyə və s. kimi az saylı nümunələri də təsdiq edir». 
Folklorşünas Vaqif Vəliyev də onları məhz əfsanə kimi gözdən keçirərək, “Astiaq” əfsanəsinin “Tomris” əfsanəsi ilə müqayisəli təhlilini vermişdir. S. Zülfüqarlı da Astiaqla bağlı süjeti əfsanə kimi dəyərləndirərək onu «Azərbaycan dili» dərsliyinə daxil etmişdir.
R. Qafarlı isə hər iki süjeti rəvayət kimi dəyərləndirərək yazır: «İlk «Tarix» (Herodot) kitabına düşən «Astiaq» və «Tomris» rəvayətləri ilə bir sıra mif sistemlərinin (xüsusilə tale mifi) ömrü uzadılır. Roma mifologiyasında ilkin dövlətçilik görüşləri əks olunur ki, bunu mədəni həyatın başlanğıcı hesab edirlər. Romul və Rem Romanı düşmən hücumlarından və daxili xəyanətkarlardan qorumaq üçün xüsusi icra mexanizmi olan yeni birlik yaradırlar. Astiaqın ulu babası Deiyokun Midiya dövləti qurması haqqında Herodotun verdiyi məlumatlar göstərir ki, Azərbaycan mifoloji təsəvvüründə dövlətin daha mükəmməl modeli qurulmuşdur».
“Tomris” və “Astiaq” əfsanələri ayrıca mövzu kimi «Erkən orta əsrlər Azərbaycan ədəbiyyatı», «VII-X yüzilliklərdə Azərbaycan ədəbiyyatı», «Xətib Təbrizi Azərbaycanda ədəbiyyatşünaslığın banisi kimi», «XII yüzillikdə Azərbaycan ədəbiyyatı: Xaqani, Məhsəti və b.», «Nizami Gəncəvi, yaradıcılığı», «Nizami və xalq qaynaqları» kimi mövzularla yanaşı Azərbaycan Universitetinin Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris planına daxil edilmişdir.
Maraqlıdır ki, Azərbaycan tarixçiləri həm Astiaqın, həm də Tomirisin real tarixi şəxsiyyətlər olduğunu təsbit etmiş və onların adlarını «Azərbaycan kitabların»da əbədiləşdirmişlər. Burada R. Qafarovun aşağıdakı fikri ilə razılaşmamaq mümkün deyildir: «Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində mif dünya tarixinin başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeoloji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, saray və qalaların qalıqları üzə çıxdı, mifoloji təsvirlərin çoxunun gerçəkliyi təsdiqləndi».
F. Bayat yazır ki, «şifahi şəkildə yaşayan tarix bilgisi həm Herodotun tarixi yazmasında, həm Cin salnamələrinin türklər və ümumiyyətlə, şimal qonşuları haqqında verdikləri tarixi məlumatlarda onəmli rol oynamışdır. Bundan başqa kilsə
tarixləri, İslam böyukləri haqqındakı məlumatlar da sözlü tarixə dayanır». Alimin fikrincə, «sözlü tarixin yazılmasını önəmli və vacib edən bir mühim məsələ də zamanla iqtidarların keçmişi oz xeyirlərinə, siyasi hədəflərinə uyğun formada təqdim etmələridir. Bu halda tarixçilər məlumat və sənədləri, iqtidarı mərkəzə alan, onun tarixini izah edəcək şəkildə təşkil edə bilirlər. Siyasi iqtidarlar bununla da kifayətlənməyib asayiş qayğısıyla tarixi hadisələri və buna bağlı sənədləri oz mühakimələrini dəstəklər mahiyyətdə təşkil edə bilirlər. Tarixin bu tərz qeydə keçirildiyi mühitlərdə sözlü tarixin üzərinə böyük vəzifələr duşur.
Alimlər ən qədim zamanlardan yazıya qədərki dövrü mifik təfəkkür dövrü adlandırır və hesab edirlər ki, yazıya keçiddən sonra mifik təfəkkürlə bərabər onun bazasında dini və elmi təfəkkür formaları da meydana cıxıb. «Mifik təfəkkür formaları dini təfəkkürün əsas bazası olaraq qalır. Ən obyektiv təfəkkür olan elmi təfəkkür nə qədər hakim mövqe tutub cəmiyyəti əhatə etməyə çalışsa da, mifik təfəkkür hakim ideologiya kimi fasiləsiz cəmiyyətdə, çoxluğun təfəkküründə aparıcı mövqedə olur, çoxluğun özünün yaratdığı folklor ədəbiyyatı və avantürist siyasətçilərin uydurduğu mövhumi ideyalarla onun şüurunun və həyat tərzinin yaradıcı mənbəyi olaraq qalır. Odur ki, folklor ədəbiyyatı həmişə tarix elminin əsas mənbəyi olaraq qalır. Belə ki, folklor milli təfəkkür tarixinin laylar düzümünü də əks etdirməklə inkişafını kompleks özundə əks etdirir. Ümumiyyətlə, tarix elmi hər-hansı dövrdən bəhs edir-etsin, həmin dövrün folklorunda əks olunan mənəvi dəyərləri və təfəkkür formalarını obyektiv qiymətləndirmədən həmin dövrün mənəvi durumunu obyektiv dəyərləndirə bilməz. Tarix elminin bu vəzifəsi haqqında dünya tarixşunaslığı, o cümlədən ictimai elmlərdə yetərincə elmi-nəzəri fikir söylənmiş, XIX-XX əsr Avropa tarixşünaslığı məhz bu nəzəri müddəa əsasında işləmiş və işləməkdədir». Bütün bu faktları incələyən A. Haşimi aşağıdakı qənaətlərə gəlmişdir: «Birincisi, folklor abidələrindən, xüsusilə qəhrəmanlıq dastanlarından real tarixin öyrənilməsi zamanı istifadə mümkündür və lazımdır. Çünki ilkin miflər, mifoloji eposlar elə qədim dövrlərdə tarix elminin indi oynadığı rolu oynayırdı. Yəni bu miflər, dastanlar oğuzlar üçün tarix sayılmışdır. 
İkincisi, folklor abidələrindən tarixi qaynaq kimi istifadə edərkən folklordakı tarixin bədii obraz olması heç vaxt nəzərdən qaçırılmamalıdır. Şübhəsiz ki, bu obraz öz qaynağını tarixi hadisələrdən almışdır. Lakin həmin obraz təkcə bir-bir tarixi hadisəni, yaxud konkret tarixi şəxsiyyəti təmsil etmir. Yəni folklor obrazlarının tarixlə əlaqəsi arasıkəsilməz prosesdir. Məsələn, Koroğlu obrazı öz dövrünün qəhrəmanlıqları ilə bağlı olduğu kimi, qədim oğuz çağının da qəhrəmanlıqlarını əks etdirir. Bu, o deməkdir ki, Koroğlu obrazının əcdadı mifik Oğuz kağan obrazıdır. Əslində, Oğuz kağan obrazı Koroğlu obrazına transformasiya olunmuşdur. Bu, epik-bədii transformasiyadır və tarixçi bunu hökmən nəzərə almalıdır.
Üçüncüsü, folklor mətnlərindən istifadə edən tarixçilər folklor poetikasının qanunauyğunluqlarına bələd olmalı, eləcə də folklor obrazlarının tarixi köklərindən danışmaq istəyən folklorşünaslar tarixi peşəkar səviyyədə bilməlidirlər»

Bəxtiyar Tuncay

Xəbər xətti