ARGTMŞ-ın ECOSOC-da məşvərətçi statusu uzadıldı

14:49 - 19 Avqust 2016 - Cəmiyyət

ARGTMŞ-ın məşvərətçi statusu BMT-nin İqtisadi və Sosial Şurasının Qeyri-Hökümət Təşkilatları komitəsinin tövsiyəsi və BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə uzadıldı.
Birləşmiş Millətlər Təşkilatının əsas orqanlarından biri olan İqtisadi və Sosial Şura (ECOSOC) hər biri 3 il müddətində fəaliyyət göstərən 54 üzvdən ibarətdir, üzvlər ildə iki dəfə bir araya gəlirlər. Şura 14 ixtisaslaşmış müəssisə, 10 funksional və 5 regional komissiyanı əlaqələndirmək, BMT-nin 11 fond və proqramından məruzə almaqla yanaşı, üzv dövlətlərə və BMT-yə daxil olan təşkilatlara proqram xarakterli tövsiyələr verir. 
ARGTMŞ 2002-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu əldə edib. Məşvərətçi statusu əldə etdikdən sonra hər 4 ildən bir təşkilat tərəfindən İqtisadi və Sosial Şuraya ARGTMŞ-ın fəaliyyəti ilə bağlı hesabat verilir və bununla məşvərətçi statusu uzadılır. Məşvərətçi status qeyri-hökumət təşkilatlarına yalnız ECOSOC-a deyil, bundan başqa, Birləşmiş Millətlər Təşkilatının bir sıra alt qurumlarına, insan hüquqları ilə bağlı müxtəlif mexanizmlərinə həmçinin BMT Baş Assamleyasının Prezidenti tərəfindən təşkil olunmuş xususi tədbirlərdə iştirak imkanı yaradır. Qeyd edək ki, Azərbaycan Respublikası BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib.

ARGTMŞ BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu əldə etməkdə əsas məqsədi qurumun tədbirlərində iştirak edərək ölkəmizdəki gənclər siyasəti və onun uğurlu nəticələrini ictimaiyyətə çatdırmaq, Azərbaycanın milli maraqlarını qorumaq, Azərbaycan gəncliyinin qlobal səviyyədə təmsil olunmasını təmin etməkdir. ARGTMŞ məşvərətçi statusu əldə etdikdən sonra BMT-nin Qərargahlarında, Qlobal Gənclər Forumunda və qurumun təşkil etdiyi digər rəsmi tədbirlərdə fəal iştirak edir.

ARGTMŞ-ın sədri Seymur Hüseynov qeyd edib ki, “Biz, Azərbaycan gənclərinin yerli səviyyədə fəal olması ilə yanaşı eyni zamanda beynəlxalq arenada təmsil olmasına önəm veririk. ARGTMŞ gənclər və gənclər təşkilatlarının vahid platforması olaraq onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak etməsinə, gənclərimizin səsinin dünyaya çatdırılması, ölkəmizin tanıdılmasına xüsusi yanaşır”.

Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Forumunun təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Xəbər xətti