ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

13:04 - 18 Avqust 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dəstəyi ilə daha bir fəal gənc Avropa Könüllülük Xidmətində çərçivəsində könüllülük mübadiləsində iştirak edir. Avropa Könüllülük Xidməti çərçivəsində həyata keçirilən “The Culture Bridge in COJEP” layihəsinə 2015-ci ilin sentyabr ayından start verilib. 12 ay davam edən layihə Fransanın Strasburq şəhərində “COJEP İnternational” təşkilatı tərəfindən həyata keçirilir. 
Layihənin əsas məqsədi müxtəlif ölkələrdən olan gənclər və qəbul edən təşkilat arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, həmçinin könüllülüyün təbliğ olunmasıdır. 
Layihə çərçivəsində iştirakçılar gənclər təşkilatlarının gündəlik fəaliyyətinə cəlb olunmaqla yanaşı, müxtəlif tədbirlərin, təlimlərin və aksiyaların təşkilində yaxından iştirak edir. Həmçinin qeyd edək ki, layihə çərçivəsində keçirilən mədəniyyət gecələrində ölkəmizin mədəniyyətini Azərbaycanlı gənc Emil Bağırov nümayiş etdirir. Emil könüllülük fəaliyyəti ərzində 7-ci Türk Film Festivalın təşkilində iştirak edib. O, təcrübə qazanmaqla yanaşı Azərbaycanın gənclər sahəsindəki təcrübəsini digər gənclərlə bölüşüb. Qeyd edək ki, layihənin sonunda könüllü qazandığı təcrübəni təsdiq edən “Youthpass” sertifikatı ilə təltif olunacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yenidən “Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib. Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi “göndərən” və “qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin Avropa Könüllülük Xidmətində iştirakını təmin etməkdə davam edir. ARGTMŞ həmçinin 2013-cü ildə Avropa Könüllülük Xidməti olan Azərbaycan Könüllülük Xidməti proqramına start verib. Proqram 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.

Xəbər xətti