Facebook-un köməyilə gəncləri ölümdən qaytarmaq mümkün olub

22:53 - 17 Avqust 2016 - Cəmiyyət

“Qarabağın qapısı” adlandırılan Bərdənin gəncləri sosial şəbəkələrdə çox aktivdirlər. Bərdəli gənclər Facebook-da xüsusi qruplar yaradaraq ermənilərlə gərgin diskussiyalar aparır, Azərbaycan həqiqətlərinin daha çox auditoriyaya çatdırmağa çalışırlar. Hökumət qurumları, dövlət qulluqçuları da könüllü olaraq bu işə qoşulublar. Bəzi dövlət qurumlarının nümayəndələri gəncləri Facebook-da  izləməklə onların psixologiyasında dəyişiklikləri düzgün qiymətləndirməyi, hətta bir neçə gənci intihar fikrindən döndərməyi bacarıblar. 

Bu məlumatlar Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sosial medianın gənclərə təsiri ilə bağlı Bərdədə keçirdiyi görüşdə səsləndirib. Bərdə  rayon İcra Hakimiyyətinin təmsilçiləri, yerli təhsil işçiləri, sosial şəbəkə istifadəçilərinin iştirakı ilə təşkil olunan toplantıda sosial mediada etik dəyərlərin qorunmasına dair fikir mübadiləsi aparılıb, yaranmış təhlükəli vəziyyətdən çıxış yolları ilə bağlı müxtəlif təkliflər səsləndirilib.  
Tədbirdə çıxış edən Bərdə rayon İH-nin şöbə müdirinin müavini Eldəniz Səfərov sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, bəzilərinin gəncləri mənfi əməllərə meylləndirdiyini də qeyd edib. O, sosial şəbəkələrdə xüsusilə dini radikalizm mövzusunda bədxahlar tərəfindən güclü iş aparıldığını, gənclərin “beyin yuyulması” yolu ilə terrorçu qruplara cəlb olunduğunu xatırladaraq əlaqədar qurumları daha diqqətli olmağa çağırdı.
İcra Hakimiyyətinin gənclərlə iş üzrə idarəsinin baş məsləhətçisi Aydın Qasımov rayon əhalisi, xüsusilə də gənclər arasında sosial şəbəkələrin kifayət qədər populyar olduğunu bildirdi. O, xaricilərlə təmaslar zamanı Azərbaycana dair təbliğatda xüsusi metodlardan istifadə etməyin vacib olduğunu söylədi. Qeyd etdi ki, özümüzü təkcə tərifləməklə yox, müqayisə yolu ilə üstünlüyümüzü göstərmək önəmlidir.
Tərəfsiz (Parlament) Jurnalistlər İB-nin sədri Elşad Eyvazlı bildirdi ki, sosial şəbəkələrin də aid edildiyi yeni medianın köməyilə artıq hər kəs öz fikrini, düşündüyünü sərbəst şəkildə paylaşır, fikirlərini hər kəslə bölüşür. Məlumatlar daha operativ şəkildə kütləyə çatdırılır. Lakin bu işlə peşəkar jurnalistlər məşğul olmadığına görə, bəzi hallarda bu durum yanlış, yalan və böhtan xarakterli məlumatların yayılmasına, müəllif hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin, dövlət təhlükəsizliyinə problem yaranır, düşmənin məlumatlı olmasına imkan verir. 
Bərdə rayon təhsil şöbəsinin təmsilçisi Anar Baxşəliyev gənclərin bu sahədə maarifləndirilməsində məktəb müəllimlərinin xüsusi rolu olduğunu qeyd edib. Müzakirələrdə iştirak edən rayon sakinləri, müəllimlər gənclərin tərbiyəsində diqqət ayırmalı məqamlardan danışıblar. 
Tədbirdə azərbaycanlı gənclərin SMS və mesajları əcaib dildə yazmasından şikayət edilib. Bu cür tədbirlərin təkcə rayon mərkəzlərində deyil, kənd yerlərində də təşkil olunması təklif olunub. Həmçinin, kəndlərdə yeniyetmələr üçün səyyar kompüter dərslərinin təşkili haqqında təklif səsləndirilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən “Sosial mediada etik və mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi internetdə aktiv olan gənclər, bloqqerlər, yeni media nümayəndələrinin ictimai məsuliyyət hissinin inkişafına yardım etməkdən ibarətdir. undan əvvəl Gəncədə sosial şəbəkədə aktiv olan gənclərlə geniş müzakirə təşkil olunub. Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbirdə Yeni Mediaya dair beynəlxalq təşkilatın təsis olunmasına dair niyyət protokolu da imzalanıb.  Bundan əlavə, Salyanda da rayoon ictmaiyyəti ilə bu mövzuda geniş müzakirələr təşkil olunub. 

 

Emin


Xəbər xətti