"Kitabi-Dədə Qorqud" dastanında - xalça sənətinin izləri və rəmzləri

19:19 - 17 Avqust 2016 - KİVDF

Qədim əcdadlarımızın damğa və onqonları demək olar ki, hələ də yetərincə öyrənilməyib. Özünəməxsus yaradıcılıq dəyərləri ilə seçilən xalça sənətimizin bədii söz dünyamızdakı unudulmaz dastanlarımızla bağlı olan mahiyyəti nə qədər dərindirsə bir o qədər də düşündürücüdür. Azərbaycan dastançılığında xalça sənətinin izlərinin aşkarlanması onun mifoloji struktur aləminin öyrənilməsi hər zaman bir-birinə bağlı olan amillərlə mümkündür. Bu amillər təkcə məişət baxımından deyil, bəlkə də tematik strukturun daxili varlığından qaynaqlanaraq formalaşır. Qədim xalqımızın dastanları Azərbaycan folklorşünaslığının da formalaşmasında əhəmiyyətli və mühüm rol oynamışdır.

“Kitabi-Dədə Qorqud” boylarının bəzisində ayrı-ayrı gizlincələrlə rəmzi mahiyyət daşıyan bir başlanğıc olur ki, bu da “xalı” – “xalicə” üzərindən keçir, həm də boyun başlanğıcında özünəməxsus təsviri və vəziyyəti ilə göstərilir. Məsələn: Dirsə xan oğlu Buğac xan boyunun ilk sətirləri, aşağıdakı cümlələrlə başlayır: “Bir gün Qam Qan oğlı xan Bayındır yerindən turmışdı. Şami günliği yer yüzünə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşamışdı. Bin yerdə ipək xalicəsi döşənmişdi”. Göründüyü kimi bu cümlələr qədim əcdadlarımız, Oğuz bəylərinin çox ciddi bir mərasimə hazırlığından xəbər verir və həmin xəbərin təm-tərağını “bin” yerdə sərilmiş (döşənmiş) ipək xalçalarla təsvir edir. Çox maraqlıdır, qeyd olunan cümlələr sırasında “Şami” adlı günlükdən də söz açılır. Bəzi tədqiqatçılara görə bu söz Şam (Dəməşq) sözü ilə izah olunur. Yəni Şam şəhərində düzəldilmiş günlükdən bəhs edilir. Lakin cümlənin əvvəlində gələn “şami” sözü Azərbaycan naxış sənətində ən geniş yayılmış rəmzi mahiyyət daşıyan elementlərdən birinin olduğunu göstərir. Və indi də xalçalarımızda “Şami”(yaxud “Səlcuq zənciri”) adlı naxış elementindən istifadə olunur 
Bundan başqa “xan Bayındır yerindən turmışdı” cümləsinin rəmzi təsvirindən görünür ki, “bin” yerdə döşənmiş xalılar yaz fəslinə hazırlığa işarədir və ipək xalıların xeyri, toy-busatı, məhəbbəti ifadə edən naxışlarla rəmzləşməsi şübhəsizdir. “Ala sayvan” isə qədir-qiyməti və ya qədəri, sayı bildirən uca, saxlayan qüllənin ifadəsidir. Bu qüllə üzərinə aid olduğu boyun tamğası vurulurdu. Bayandır boyuna aid tamğalar indi də Azərbaycan xalçalarında yaşamaqdadır. Digər bir nümunə Salur Qazanın evinin yağmalandığı boyunda ilk sətirləri rəmzi ifadələrlə çox maraqlı şəkildə bu cür təsvir etmişlər: “Bir gün Ulaş oğlı Tülü quşun yavrısı, bizə miskin umudı, Amit soyının, aslını, qaracuqın qaplanı, qonur atın iyəsi, xan Uruzın ağası, Bayandır xanın göygüci, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Salur Qazan yerindən turmuşdı. Toqsan yerdə ala qalı-ipək göşəmişdi”. Yənə də müxtəlif mədhlərlə başlanan boy cümlələri ipək xalıların döşənməsi ilə sanki Oğuz mədəniyyətinin simvollarının kitabəsini şərh edir. Burada ilk sətirdə “Tülü” adlı alıcı quşun “yavrısı”ndan bəhs edilir. Bu quş Salur qazanın atası Ulaşa (xətt, süvari, əskər) aid olduğu maraqlı şəkildə ifadə olunur. Deməli, Ulaş və Salur adları başqa adlardan fərqli olaraq qəhrəmanlıqla, şücaətlə alınmış adlardır. Bu adlar qəhrəmanın xarakterini və əxlaq səviyyəsini rəmzi mənada ifadə edən vasitələrdən sayılır. Qəhrəmanların adının yanındakı ata adlarının verilməsi isə ata hüququnun, ata adının bərpası üçün aparılan sistemli ardıcıllıq işi olmaqla yanaşı həm də sakral aləmə bağlılığın işarəsidir. Burada “Tülü” adlı alıcı quşun törəməsi “Salur” adlı şahin (sunqar) quşudur ki, bu da Qazan xanın onqonu sayılır. Və qeyd olunan onqonlar “Quşlu” adlı müxtəlif kompozisiya quruluşunda olan Azərbaycan xalçalarında hələ də “Saluri”, “Tülü” və başqa adlarla yaşamaqdadır.
Ümumiyyətlə, Oğuzların hər hansı bir ada sahib olması müdrik bir uzaqgörənliyin timsalında çox böyük əhəmiyyətə malikdir. Çünki ad qazanan şəxsiyyət (qərəman) öz nəslini, boyunu, daha doğrusu şəcərəsini yaratmaqla böyüyür və bu şəcərə genişləndikcə həm də damğalarını yaratmaqla müxtəlifləşib çoxalırdı. Bu gün Azərbaycan xalçalarında saysız-hesabsız Oğuz damğaları həmin uzaqgörənliyin kiçiçik bir sirr içində sirridir.
Qədim əcdadlarımızın damğa və onqonları demək olar ki, hələ də yetərincə öyrənilməyib. Onların öyrənilməsi isə tariximizin real mənzərəsini göz önündə canlandırmağa şərait yaradan əsas vasitələrdən biri ola bilər. Bundan başqa haqqında söz açdığımız boyun digər sətirlərində müxtəlif təsvirlərlə aslan, qaplan və qonur at (quyruğu düyünlü deməkdir) simvolları Qazan xanın adına xüsusi xarakter verərək, “Toqsan başlu ban evlərin qara yerin üzərində dikdirmişdi” cümləsi ilə davam edir. Burada “qara yerin” rəmzi mənası rəng baxımından açılmaqla sonrakı “Toqsan yerdə ala qalı – ipəg döşəmişdi”  cümləsinə təsir göstərən vasitədir. Deməli Qədim Oğuz anlamına görə “Qara” sözünün qardan, yəni qara bənzər sözü ilə həmahəng olması boydakı “Qara” ifadəsinə müxtəlif rəmzi məna verir. Sözün tərkibindəki “ar” sözü göstərir ki, qar – xaliş, təmiz, göydən gələn mənasından alınmışdır. Eyni zamanda boydakı “qara” sözü məkana, torpağa qoyulmuş ad kimi özünün rəmzi ifadəsini ortaya çıxarmışdır ki, bu da müqəddəs “Qarabağ” torpağına işarə ola bilər. Yəni hadisələrin Qarabağda baş verməsinin ilkin cücərtiləri buradan aydın şəkildə görünməkdədir. Bundan başqa hər biri “toqsan” başlu ban evlərdən ibarət, “toqsan” yerdən söhbət açılır. Bu ifadənin sirri Qazan xanın böyük bir ölkə sahibi olduğundan xəbər verir. Burada isə məni “ban” evlər ifadəsi daha çox özünə cəlb edir. Çünki “ban” evlər “ban ocaq”lar adlı müxtəlif quruluşlu naxışlarımız hələ də Qarabağ xalçalarında öz sirli quruluşu gizlinlərini saxlamaqdadır .
Boyun qeyd olunan sonuncu sözü “Toqsan yerdə olan qalı – ipəg döşəmişdi”  ifadəsi var-dövlətin və gücün rəmzi olmaqla yanaşı, həm də payızın ov mövsümünün göstəricisi kimi ala “qalı” (xalı) sözü ilə ov situasiyasına yol açır. Çünki ov situasiyası bu boydakı hadisələrin axarına müəyyən əhval, ovqat gətirən bir hal kimi səciyyələnir. Dastandakı ov situasiyaları ya bədbəxt bir hadisənin baş vermə məkanına çevrilir, ya da bədbəxt hadisənin baş verməsini dolayısı ilə hazırlayan bir səbəb olur. Lakin dastanda ov situasiyası qəhrəmanı öz içindən keçirməklə sanki onu qarşıdakı əsas mübarizədən əvvəl döyüş sınaqlarından təlim – məşq mərhələsindən keçirir. Qəhrəman belə bir “ov” dan sonra əsas döyüş yerinə mübarizə meydanına yola düşür. Deməli, bu cür nəticə ilə dastandakı ov situasiyasının əsas fəlsəfəsi “ovçuluq” və ya “şigargah” adlı xalçalarımızın kompozisiyalarındakı rəmzlərlə üst-üstə düşür. Və bu mövzu əsrlərlə mədəniyyətimizin müqəddəs beşliyində müxtəlif formalarla inkişaf edib mədəni irsimizdə yaşamaqdadır .
“Qam börənin oğlı Bamsı Beyrək boyı”da ilk sətirləri ilə nəzəri özünə cəlb edir: “Qam Qan oğlı xan Bayındır yerindən turmışdı. Qara yerin üstünə ağ ban evin dikdirmişdi. Ala sayvan gög yüzinə asanmışdı. Bin pərdə ipək xalicəsi döşənmişdi” cümlələri sanki birinci boyun oxşarıdr. Lakin birinci boyda Bayandır xan “bin yerdə ipək xaliçəsi”ni “yer yüzinə”, haqqında danışdığımız boyda isə “qara yerin üstünə” döşənmişdi ifadəsi ilə fərqlənir. Burada yenə “qara” rəng əsas məkana çevrilir və müqəddəs torpağın simvolunu ifadə edir. “İpək xaliçəsi döşənmişdi sözündən öncə, “pərdə” sözünün işlənməsi isə yerə döşənən xalçalarla bərabər simvolik məna daşıyan divar xalçalarının da təsvir edilən səhnədə olmasına işarədir. Çünki “Ala sayvan” da iç Oğuzla, dış Oğuzun bəyləri Bayandır xanın hüzurunda bir araya gəlmişdilər. Divardakı xalçaların rəmzləri isə hər bir boyun damğa və onqonlarını ifadə etməklə qarşılıqlı hörmətin və birliyin yaşamasını saxlayan əsas amillərdən biri idi. İndi də bəzi qədim xalçalarımızın sirri açılmayan naxışlarının sırasında birliyi ifadə edən elementlər mövcuddur. Qeyd etdiyimiz boyun oxşar xüsusiyyətlərini isə “Qazan bəg oğlu Uruz bəgin tutsaq oldığı boy” və “Qaızılıq qoça oğlı yeknək boyı”nda da sezmək olar.
“Kitabi-Dədə Qorqud” dastanında azərbaycanlıların mifik görüşlərində özünü qoruyub saxlayan, soy köklə bağlı, araşdırılması gərəkli olan antropomorfik və zoomorfik onqonların zənginliyi xalça sənətimizin ornament toplusunda da özünəməxsus yer tutur. Xalçalarımızda bunların bir qismi aydın şəkildə nəzərə çarpsa da ifadəli boşluqlarda və kompozisiyaların yüksək stlizə edilmiş motivlərinin bədii qatlarında kodlu şəkildə öz ismarcı ilə həm də mifoloji dünyamıza körpü salır. Və müxtəlif kultların söz dünyasındakı varlığı stilizə edilmiş naxışların timsalında xalçalarımızın ilmələrində düşünənləri valeh etməkdədir. Sayı dəqiqləşməyən kultlar arasında günəş, ay, ulduz, qurd, at , ilan, əjdaha, qoç, öküz, keçi, quş, ağac,od, qab və ocaq adlı məfhumlar Azərbaycan xalçalarında müxtəlif motivlərlə geniş şəkildə yayılmışdır.
“Kitabi-Dədə Qorqud” dastanındakı məzmun və mifoloji quruluşda “yaradan və insan”, “xeyr və şər”, “ailə və əxlaq”, “təbiət və mədəniyyət”, “mərdlik və qəhrəmanlıq”, “sevgi və məhəbbət” məfhumları xalçalarımızın anavariantları olan elementlərinə azman ustadlarımız tərəfindən çox böyük ustalıqla sistemli şəkildə hopdurulmuşdur. Demək olar ki, elementləşmək halını ala bilən hər bir dastan motivinə xalçalarımızda da rast gəlmək mümkündür.
Nəticədə camalını eşidib gördüyümüz söz – naxış dünyamızın cəlalından, zərrə - zərrə öyrəndikcə ulu əcdadlarımızın hansı məfkurənin sahibi olduqları göz önündə canlanır. Və onların qoyduqları mədəniyyət sirabı çoxlarını əfsunlayır və dərin qaynaqlar labirintinə salır. Əsrlərdən bəri sistemləşən xalça kompozisiyalarımızın sirlərini, onların növdən qrupa, qrupdan tipə, tipdən qanadlara, qanadlardan məktəblərə, məktəblərdən ocaqlara keçməsi bizim xalça dünyamızın çox möhkəm monolit bünövrəsi olduğuna işarədir.
Hələ doğulmamış körpələrin adlarına xalça toxunan, gözlərini açıb, dik ilmələr və rəng aləmində iməkləyib ayaq açan, toyda, busatda üzərində addımlayan, ovda, təlimdə yorulub üzərində qorxusuz yatan, əlamətlərdən əlamətlərə keçərək, ölümülük xalıları ilə axirət dünyasına köçən nəslimiz, irsimiz əlbəttə ki, kəşf edilməmiş dünyadır və bu dünya “Kitabi-Dədə Qorqud” boylarının səhifələrindən də boylanıb araşdırıcılarını göləyir. 

Məmmədhüseyn Hüseynov

Xəbər xətti