Bu ilin ilk 6 ayında 1107 nəfər narkoloji yoxlamadan keçib

15:33 - 12 Avqust 2016 - Xəbər

2016-cı ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərilib.Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə,  cari ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11715 nəfər keçib. Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.Bundan başqa, bu ilin  6 ayında 1321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “ Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.
Bildirək ki, Səhiyyə Nazirliyinin “ Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılmışdır. 6 ay ərzində müayinədən 1088 nəfər keçib. .
Qeyd edək ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin və asılılığının vaxtında aşkarlanması üçün Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kompaniya davam edir.
2016-cı ilin 6 ayı ərzində Mərkəzin mütəxəssisləri 27 Bakı şəhəri məktəbində təşkil olunmuş tədbirdə, Respublika məktəblərarası debüt forumunda iştirak ediblər.

Xəbər xətti