Azərbaycan gəncləri dünya gənclərini təbrik edir- VİDEO

13:05 - 12 Avqust 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik video-çarxı hazırlanıb. Video-çarxda müxtəlif ölkələrin bayraqlarını üzlərində əks etdirən Azərbaycan gəncləri və əcnəbilər kamera qarşısına keçiblər. 

Video-çarxın çəkilməsində əsas məqsəd gənclərin müxtəlifliyini və onların cəmiyyətdəki rolunun əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır. Həmin video-çarxı sizə təqdim edirik https://goo.gl/Be8J97 
Qeyd edək ki, ARGTMŞ tərəfindən gəncləri təbrik məqsədilə hazırlanan video-çarx dünyanın 123 ölkəsindən 400-ə yaxın beynəlxalq və tərəfdaş gənclər təşkilatlarına göndərilib.
ARGTMŞ-ın sədri Seymur Hüseynov qeyd edib ki, “ARGTMŞ yarandığı gündən bəri Azərbaycan gənclərini və gənclər təşkilatlarını beynəlxalq təşkilatlarda və müxtəlif beynəlxalq gənclər platformalarında təmsil edir. Azərbaycan gənclərinin səsinin dünyaya çatdırılmasında böyük rol oynayan ARGTMŞ Beynəlxalq Gənclər Günü münasibətilə bütün dünya gənclərini təbrik edir”.  
Məlumat üçün qeyd edək ki, hər il 12 avqust dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş Beynəlxalq Gənclər Günü ideyası ilk dəfə 1991-ci ildə Dünya Gənclər Forumunda irəli sürülmüşdür. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində bir neçə gün öncədən başlayaraq təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətdə oynadığı rol müxtəlif aksiyalar və tədbirlərlə ictimaiyyətə çatdırılır. Beynəlxalq Gənclər Gününün qeyd olunmasının əsas məqsədi gənclərin problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və müasir qlobal problemlərin həllinə gəncləri yönəltməkdir. 
Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının fəaliyyətinin mühüm istiqamətidir və dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bu siyasət böyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdür. Ölkə tərəfindən gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının üzə çıxarılması və cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Ümumilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ümumilli lider Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılıb. 1995-ci ildə isə Gənclər və İdman Nazirliyi Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümilli lider Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

 

Xəbər xətti