MSK referendumu izləmək üçün xarici təşkilatlara müraciət edib

12:48 - 12 Avqust 2016 - Xəbər

 “Təşəbbüs qrupları və ayrı-ayrı vətəndaşlar həm respublika səviyyəsində, həm də ayrı-ayrı məntəqələrdə referendumun gedişatını izləmək üçün müşahidə aparmaq hüququna malikdirlər. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına və dairə seçki komisiyyalarına müraciət etmək lazımdır”.
Bunu Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
YAP funksioneri bildirib ki, müşahidəçilər Seçki Məcəlləsinə uyğun olaraq müvafiq lövhəciklərlə təmin olunurlar və müşahidə aparırlar.
Siyavuş Novruzov qeyd edib ki, “Yeni Azərbaycan” təşəbbüs qrupu hər bir dairədə və məntəqədə bir nəfərə məşvərətçi səs hüququ verməyi planlaşdırır.
“Biz imza vərəqələri və digər sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Onların Seçki Məcəlləsinə uyğunluğu yoxlanıldıqdan sonra öz müşahidəçilərimizi və məşvərətçi səs hüquqlu üzvlərimizi təyin edəcəyik. 10  minə yaxın insanın təyin olunması gözlənilir”.
Onun sözlərinə görə, hər hansı qrup və ya şəxs səsvermənin gedişini izləmək üçün xarici müşahidəçi dəvət edə bilər. Bununla yanaşı, xarici müşahidəçilərin dəvət olunması Mərkəzi Seçki Komissiyasının və referenduma təşəbbüs göstərən tərəfin hüququna aiddir.
Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlara bununla əlaqədar müraciət edib. Hansı beynəlxalq təşkilat istəyirsə, gəlib müşahidə apara bilər. Amma onlar qabaqcadan məlumat verməlidir. Müəyyən məsələlər razılaşdırılmalıdır, onlar lövhəciklərlə təmin edilməlidir”.
Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklə bağlı ümumxalq səsverməsi – referendum keçiriləcək.

Xəbər xətti