Regionlarda kifayət qədər qan ehtiyatı var

11:53 - 12 Avqust 2016 - Müsahibə

Qorxmaz İbrahimxəlilov: “Mərkəzi Qan Bankının Şəki bölməsinin xidmətindən istifadə edən talassemiyalı və hemofiliyalı şəxslərin sayı 70-ə yaxındır”

“Son bir ildə Şəki şəhəri üzrə 1200 nəfərin nikahdan öncə müayinəsi aparılıb”


Son illər respublikamızda təkcə paytaxtda deyil, regionlarda da tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra addımlar atılıb. Ehtiyacı olanların qanla təminatı üçün regionlarda da hər cür şəraitə malik bölmələr yaradılıb. Bu gün respublikamızın bütün ərazisini əhatə edən Mərkəzi Qan Bankı və onun 8 regional Bölməsi fəaliyyət göstərir. Regionlarda qan donorluğunun vəziyyəti və bu sahədə əhaliyə göstərilən tibbi xidmətlə bağlı suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 


- Qorxmaz həkim, rəhbərlik etdiyiniz bölmə neçə ildir fəaliyyət göstərir və hansı rayonların əhalisinə xidmət edir?

- Əvvəllər respublikamızda qan donorluğu ilə bağlı problem olsa da, son illər bu sahədə də ciddi işlər görülüb.  Hazırda Mərkəzi Qan Bankının ölkənin 8 regionunda bölmələri var və onların hər birinin xidmət göstərəcəyi rayonlar müəyyənləşdirilib. Bu isə region sakinlərinin daha az zaman itirməklə keyfiyyətli tibbi xidmət alması ilə yanaşı, qana ehtiyacı olan və donor olmaq istəyən region sakinləri üçün də faydalıdır. Bizim bölmə əvvəllər Şəki Regional Qan Bankı kimi fəaliyyət göstərib. Hazırda isə bizim bölmə Mərkəzi Qan Bankının Şəki bölməsi adlanır. Bölmə bu regionda 6 ilə yaxındır fəaliyyət göstərir. Fəaliyyətimiz regionda yerləşən 7 rayonu əhatə edir. Hazırda da bölməmiz Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərinə xidmət göstərir. Həmin rayonlardan olan talassemiyalı və hemofiliyalı xəstələr birbaşa bizə müraciət edirlər. Bu gün Mərkəzi Qan Bankının Şəki bölməsinin xidmətindən istifadə edən talassemiyalı və hemofiliyalı şəxslərin sayı 70-ə yaxındır. Elə xəstələrimiz var ki ayda bir dəfə, bəzi xəstələrə isə ayda iki dəfə qan komponentləri köçürülür. Amma hazırda həmin xəstələrin müalicəsi ilə bağlı Dövlət Proqramı var və bu xəstələr də qan təminatı ilə bağlı hec bir pronblem yaşamır. Qanla bağlı ilkin müyinələr bütün rayonlarda aparılır. Həmçinin, xətələrimizə uyğunlaşdırılmış qan köçürüldüyündən hər hansı fəsadlar da müşahidə olunmur. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə müşahidə olunan inkişaf tibb sahəsində də özünü göstərməkdədir. Bölmə bütün müasir tibbi avadanlıqlarla təmin olunub. Mütəmadi olaraq könüllü donorlardan qan götürülməsi işi də aparılır.


- Donorlardan götürülən qanın yoxlanılması və tələb olunan şəraitdə saxlanılması üçün bölmədə normal şərait varmı?

- Qanların yoxlanılması ciddi prosesdir və bu proses bizim prioritet işimizdir. Donordan götürülən qan nümunələri laboratoriyamızda müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır (HİV½, HBsAg, HCV, Syphilis). Qan köçürülməsi isə dünyada qəbul olunan son metodlarla aparılır. Belə ki, qan tələb olunan xəstəxana elektron tələbnamə ilə müraciət edir. Tələb olunan komponent mərkəzləşdirilmiş formada sanitar maşını vasitəsi ilə həmin müalicə müəssisəsinə göndərilir. Bu isə o deməkdir ki, daşınan qan torbalarına bütün şərtlər gözlənilir. Bu şəbəkənin genişləndirilməsi işi davam etdirilir. Talassemiyalı və hemofiliyalı xəstələrin müalicə vasitələrinə olan tələbatı müəyyən edilən və xəstələrə çatdırılma mexanizmi hazırlanıb. Bölməmiz talassemiyalı və hemofiliyalı xəstələrdə lazım olan laborator analizlərin aparılması üçün reaktiv və tibbi ləvazimatlarla da təmin edilib. Bu da xəstələrin beynəlxalq protokollara uyğun laborator müayinələrinin (qanın laxtalanma faktorlarının təyini, zərdab ferritinin təyini, dərman mübadiləsi testlərinin aparılması, biokimyəvi müayinələrinin, o cümlədən hormonların təyininin aparılması, xəstələr üçün köçürülən qanın uyğunluğunun təyini) yerinə yetirilməsinin təşkil olunmasına imkan yaradıb.


- Ötən altı ildə xidmət göstərdiyiniz xəstələrin sayında hər hansı artım müsahidə olunubmu?

- Qeyd etdiyim kimi bölməmiz hazırda 70 nəfərə yaxın talassemiyalı və hemofiliyalı xəstələrə xidmət göstərir. Ötən 6 ildə 5-6 nəfər xəstəmiz dünyasını dəyişib. Onların arasında yaşı 35-dən yuxarı olan xəstələrimiz də olub. Artıq məlum olduğu kimi iki talassemiya daşıyıcısı ailə qurursa talassemiyalı uşaqların doğulma ehtimalı artır. Son illər isə yeni xəstələrin doğulma ehtimalı azdır. Nikahdan öncə aparılan müayinələr zamanı daşıyıcılıq aşkarlanırsa, bu barədə cütlüklərə məlumat verilir. Hazırda da xidmət göstərdiyimiz xəstələrin 95 faizi əvvəlki illərdə qeydiyyata alınan şəxslərdir. Son 6 ildə yeni qeydiyyata alınan talassemiyalı və hemofiliyalı xəstələrin sayı isə cəmi 5 faiz artıb.  Hazırda talassemiyalı və hemofiliyalı xəstələrlə yanaşı, əhatə etdiyimiz 7 rayon ərazisində qana ehtiyacı olan digər xəstələrə də xidmət göstəririk. Əməliyyat olunan, yol qəzalarında xəsarət alan şəxslərə də ehtiyac olduqda tələbnamə əsasında qan veririk.  


-  Bu regionda könüllü donorlar varmı? Qan toplanması işini necə həyata keçirirsiniz?

- Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikamızda ildə bir dəfə könüllü qanvermə aksiyaları keçirilir. Bizim regional bölməyə də qan vermək üçün müraciət edilir. Donorluğun genişləndirilməsi üçün onun təbliğatı lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssilər, qeyri-hökumət təşkilatları kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hal-hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur. Qan komponenlərinin saxlanması üçün də hazırda bütün şəraitimiz var. Belə ki, donordan qan alındıqdan sonra müxtəlif komponentlərə bölünür. Qan çökdükdə 2 təbəqəyə  ayrılır: Üst hissə plazma və aşağı hissə formalı elementlərdən ibarətdir (eritrosit, leykosit, trombosit). Qan hüceyrələri müəyyən müddət yaşayır və tələf olurlar. Qan komponentlərinin saxlanma müddəti aşağıdakı kimidir və buna əməl edirik.
Eritrosit kütləsi – 1-35 gün, +2-6°C
Təzə dondurulmuş plazma – 24 ay, - 18-25°C
Trombosit kütləsi – 5 gün, +20-24°C
Donorlar bilməlidir ki, qan verərkən qan axını təzələnir, immunitet möhkəmlənir. Siz hər dəfə qan verərkən təkcə insanlara kömək etmirsiniz, həm də öz orqanizminizi təzələmiş olursunuz. Həmçinin  qan verdiyiniz zaman 4 infeksiyaya qarşı yoxlanmış olursuzunuz (Hepatit B və C, AİDS və sifilis) və əgər qanınızda hər hansı infeksiya aşkarlanarsa bununla bağlı məlumatlandırılırsınız.
Xatırlayıram ki, 10-15 il əvvəl baş verən hər hansı yol qəzaları zamanı xəstənin yaxınlarından uyğun qan alınaraq birbaşa ona vurulurdu. Qan verən şəxsin hər hansı xəstəliyi olurdusa, ondan qan köçürülən şəxs də yoluxurdu. Yaxud talessemiyalı xəstələr kənd-kənd, ev-ev düşüb uyğun qan axtarırdılar. Amma artıq belə problemlər yoxdur. Bütün regional bölmələrdə xidmət göstərdiyi regionun ehtiyaclarını ödəyəcək qədər qan ehtiyatı var. Bizim regionda son 6 ildə istər yol qəzası, istər telessemiyalı, istər əməliyyat olunan, istərsə də genekoloji problemlə bağlı qana ehtiyacı olsun və qan olmadığına görə dünyasını dəyişən xəstə olmayıb. 


 - Könüllü donorluğun inkişafı üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

- Son illər respublika səviyyəsində könüllü donorluğun inkişafı üçün böyük işlər həyata keçirilir. Qeyd etdiyim kimi bu işdə Kütləvi İnformasiya Vasitələrinin və Qeyri-Hökümət Təşkilatlarının da rolu danılmazdır. Bu gün də qan vermək üçün xeyli insan bölməmizə müraciət edir. 


-  Artıq nikahdan öncə tibbi müayinələrin aparılmasına başlanılmasından 1 il vaxt ötüb. Bu müddətdə aparılan müayinələrin statistikası ilə bağlı nə deyə bilərsiniz?

- Ancaq Şəki şəhəri üzrə nikahdan öncə müayinələr bizim bölmədə aparılır. Ötən 1 il ərzində təxminən 1200 nəfər müayinə olunub. Onlarda talassemiya daşıyıcılığı, siflis və QİÇS yoxlanılır. Yoxlamanın nəticəsi ilə bağlı hər cütlüyə ayrı-ayrılıqda məlumat veririk. Nikaha girib-girməmək isə onların öz hüquqlarıdır. Hər iki tərəfdə talassemiya daşıyıcılığı olan 4 cütlük nikaha girib. Bir cütlük isə nikaha girməkdən könüllü imtina edib. Ailə quranlara da məsləhət verilir ki, respublikamızda ilk dəfə olaraq perinatal müayinələr də aparılır. Onlara bildirilir ki, Respublika Perinatal Mərkəzində aparılan perinatal yoxlamaları yüksək ixtisaslı həkim tərəfindən aparılır. 


Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb


Xəbər xətti