Azərbaycan diplomatiyasını praktik olaraq elçilər həyata keçirirdi

19:25 - 9 Avqust 2016 - KİVDF

Dövlətləri arasında münasibətlərin tənzimlənməsində elçi-səfirlərin müstəsna xidmətləri olub

Qaynaqlarda orta əsr diplomatiyasını praktik olaraq həyata keçirən elçilər haqqında da maraqlı məlumatlara rast gəlinir.  “Elçi” termininin qasid və ya rəsul ekvivalentlərindən də istifadə olunur. Məsələn, Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində göndərdiyi məktubu gətirən adam birinci halda “elçi”, qətlinə fərman verildikdə isə “qasid” adlandırılır.  Xoca Sədəddin elçinin ozamankı beynəlxalq münasibətlərdə statusunu da müəyyən edən ifadəni öz əsərinə salmışdır. Belə ki, Sultan Səlim qızılbaşların elçisini həbs etdirdikdə I Sultan Süleymanın vəziri İbrahim paşa belə deyir: “Elçinin işi ancaq söz çatdırmaqdır, məzmunu üzrə elçiyə zaval olmaz – xatirihəzrətlərinə (Sultan Səlimə) bəlli ikən qızılbaşdan gələn elçiləri həbs etdiklərinə səbəb nədir? Xüsusilə, Mir Abdulvahab kimi hörmətli seyidi və alimi həbs etmək münasib idimi?”. Bununla da Xoca elçinin toxunulmazlıq statusunun olmasını yada salır. Ş.Fərzəlibəyli Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Ə.Ə.Dehxudanın “Lüğətnamə” əsərlərinə istinadən doğru olaraq “elçi” sözünün izahını “el nümayəndəsi” kimi göstərib. O, həmçinin orta əsrlər boyu daimi səfarətxana və ya daimi fəaliyyət göstərən səfirlərin olmadığını da qeyd edib. 
Tez-tez hərbi münaqişə və toqquşmalara cəlb olunan feodal dövlətləri arasında münasibətlərin tənzimlənməsində elçi-səfirlərin müstəsna xidmətləri olub. Türk dünyasında, o cümlədən də Azərbaycanda göndərilən elçilər minik vasitəsi olan atlarla ilk növbədə təmin olunurdular. Çingiz xan Yasasına görə, elçilərin imperiyanın yam (poçt) xidmətindən pulsuz istifadə etmək hüququ var idi.  Elçilik adəti isə mənşə etibarilə qədim türk dünyasına söykənir. Orta əsrlərin daha bir tədqiqatçısı Saleh Zakirov qeyd edir ki, diplomatik idarənin nümayəndələrinə mərtəbələrindən - ranqlarından asılı olaraq xüsusi geyim geyməyə icazə verilirdi. “Tacüt-təvarix”də Sultan Fateh Məhəmmədin Misirə getmiş elçisi Məmlüklər tərəfindən alçaldılmaya məruz qalmışdı. Bu zaman Məmlük əmirləri elçini atdan yerə enməyə vadar etmiş, özləri isə at üstündə qalmışdılar. Osmanlı elçisi bu vaxt paltarını çıxarmamış öz hökmdarının yanına gəldikdə isə onu cırmışdı. Eyni hərəkəti təhqir olunaraq Sultan Əhməd Cəlairinin yanından qayıdan Toxtamış elçisi tərəfindən öz hökmdarının yanında etdiyinin də şahidi  oluruq. “Aşiqpaşazadə tarixi” elçi geyiminin adını - ﮏﻳدا - şəklində saxlamışdır. Qədim türk lüğətində isə biz “ıd” – göndərmək feilinə, həmçinin “ıduk” müqəddəslik və təmizlik bildirən sözlərə rast gəlirik . Deməli, elçinin əynindəki paltar onun göndərilən və toxunulmaz olmasını simvollaşdırırdı. 
Elçilərə məktublarda yazılmayan, lakin elçiliyin məqsədini daha geniş əhatə edib, danışıqlar aparmağa imkan verən tapşırıq və səlahiyyət verilirdi. Bu isə elçilərin olduqca etibarlı şəxslər olduğunu göstərir. 
Elçi göndərilməsi həm də mütəmadi xarakter daşıyırdı. Bəzi tədqiqatçıların əsərlərində daimi səfirlərin olmas faktları da yer almaqdadır.
Şah İsmayıl Şeybək xana məktubunda “elçilər və məktublar göndərmək işində meydana çıxmış ləngliyin və təxirə salınmaların üzrlü səbəbdən baş verdiyini”  nəzərə çatdırır, “belə qəbul olunmuş mərasimlərə və ənənəvi qaydalara riayət etməyə macal tapmamasından” şikayətlənirdi. “XVI əsr boyunca Osmanlı imperiyası və Azərbaycan Səfəvilər dövləti arasında müxtəlif tarixi hadisələr münasibətilə (taxta çıxan hökmdarı təbrik etmək, sülh müqaviləsi imzalamaq, fəthnamə çatdırmaq və s.) elçi heyətlərinin mübadiləsi baş vermişdi. Dövrün diplomatiya qaydalarına görə, elçi ilə birlikdə qiymətli hədiyyələrin göndərilməsi də nəzərdə tutulurdu”. Şahin Fazil qeyd edir ki, “XVII əsrdə Səfəvi və Osmanlı saraylarından Qərb ölkələrinə göndərilən rəsmi dövlət məktubları, əsasən, fars, qismən də türk dillərində yazılırdı. Məsələn, 1618-ci ildə Rusiya çarı tərəfindən Səfəvi hökmdarının yanına yollanan yüksək dərəcəli elçinin göndərdiyi məktub türk dilində yazılmışdı. İsgəndər bəy yazır: “Həmçinin bu il o uca sülalənin (romanovların) mötəbər əmir və knyazlarından ibarət böyük bir elçi heyəti Xəzər dənizi və o çöllərdən keçərək Şirvanın Dərbəndinə gəldi və Hümayun şah (I Sah Abbas) məhiyyətinin ardınca Ərdəbildən çıxıb Qəzvinə çatdı. O elçi də Səadətabad meydanında şahla görüş səadətinə yetişdi və tərcüməçi vasitəsilə padşah tərəfindən özlərinin ehtiyac (niyazməndi) xahişini və möhkəm birlik istəyini ərz edərək, türk dilində yazılmış uzun bir məktubu şaha təqdim etdi”
XVI əsr Osmanlı müəllifi Xoca Səadəddin Əfəndinin “Tacüt-təvarix” əsərində dövlətlər arasında əlaqələrin mühüm vasitələrindən biri olan diplomatik yazışma sənədləri də öz əksini tapmışdır. Müəllifin mühüm dövlət vəzifələrində çalışması ona diplomatik sənədlərlə tanış olmaq imkanı vermişdi. Elçilər vasitəsilə çatdırılan bu məktubların müxtəlif cür adlandırılması (übudiyyətnamə, namei-bəşarət, namei-təvbix, misaqnamə, niyaznamə, təhniyyətnamə və s.) yalnız məktubların xarakterini nəzərə çatdırmaq üçün orta əsr tarixçiləri tərəfindən istifadə olunurdu. Məsələn, Xoca Səadəddinin I Şah İsmayıla yazılan tənbeh məktubu (namei-tevbix) adlandırdığı məktubu Sultan I Səlim “Şanlı məktub” (name-i nam) adlandırmışdır. “Tacüt-təvarix” Sultan Səlimin Şah İsmayıla yazdığı daha üç məktubu özündə qoruyub saxlayır. Diplomatik sənəd olmaqla yanaşı, bu məktublar o dövrün düşüncə tərzini, dünyaya baxış sistemini özündə əks etdirir. Birinci məktubda Osmanlı sultanı özünü “xan” adlandırır, Şah İsmayıla “bahadur” deyə müraciət edir, məktubunu “yarlıq” adlandırır. “Tacüt-təvarix”in başqa bir yerində Xocanın şahzadə Qorquda münasibətdə onu “Qorqud noyon”  adlandırması monqol epasının izlərinin bu əsərdə hələ də qaldığını göstərir. Məktubda “xaqanlar məzhəbinə görə” ifadəsi də qədim türk izlərinin əsərdə yaşadığını əks etdirir. “İranın Kembric tarixi”nin müəllifləri “xaqan”, “noyon”, “bahadur” kimi titulların Elxani dövlətinin siyasi forması olaraq əxz olunduğunu qeyd edirlə. Qeyd etmək lazımdır ki, monqol dövrü izlərinin XV-XVI əsrlər tariximizdə yaşaması təbiidir. V.V.Bartold yazırdı: “Monqol və türk məişəti eyni idi. Bundan əlavə, qərbə - Qızıl Orda və Türküstana gedən monqol köçəriləri öz dillərini itirib, türk dilini qəbul edirdilər”. V.Z. Piriyev qeyd edirdi ki, Azərbaycana  gəlmiş 20-yə yaxın monqol–türk tayfası yerli əhaliyə qarışaraq assimilyasiyaya uğramışdı .
“Tarixi-aləm aray-i Abbasi”nin səhifələrində Çingiz xan qayda-qanununa əsasən qucaqlaşma mərasiminin təsvirlərinin yer alması təsadüfi deyil. XV– XVI əsrlərdə Azərbaycanın türk-müsəlman dövlətləri ilə diplomatiya tarixindən danışarkən diqətimizi cəlb edən “atdandüşmə” və “qucaqlaşma” adətinin də yer aldığı faktlar qaynaqlar əsasında araşdırmaya cəlb edildi. “Atdandüşmə” adətinə gəlincə, akademik Z.Bünyadovun  Sədrəddin əl-Hüseyninin “Əxbar əd-Dovlə əs-Səlcuqiyyə” əsərinə istinadən verdiyi təsvir böyük maraq doğurdu. Fars hakimi Zəngi ibn Mədud (1162–1175) Atabəy Şəmsəddin Eldəniz və Sultan Arslanşaha (1160-1176) tabeçiliyini bildirəndən sonra Atabəyin elçisi ilə birlikdə onların görüşünə yollanır. “Atabəy Eldəniz Zənginin qərargaha yaxınlaşdığını bilib, bütün ordunun təcili və tam silahlanmasına əmr verdi. Əmr yerinə yetirildi. Zənginin gələcəyi yerdə sultanla birlikdə qalan  atabəy  Eldənizdən başqa bütün əmirlər onu qarşılamağa çıxmışdı.
Zəngi Sultanın yerləşdiyi yerə yaxınlaşıb təntənənin möhtəşəmliyini və əzəmətini gördü. 

Tahir Cafiyev

 

Xəbər xətti