XV–XVI əsrlərdə Azərbaycanın türk dövlətləri ilə diplomatik əlaqələri

19:18 - 4 Avqust 2016 - KİVDF

Türk–müsəlman dövlətləri ilə əlaqələr elçilər vasitəsilə tənzimlənirdi

Zəngin dövlətçilik tariximizin öyrənilməsində Azərbaycan dövlətlərinin diplomatik münasibətlərinin tədqiqi müstəsna əhəmiyyət kəsb edir. Orta əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən danışarkən tədqiqatçıların əksəriyyəti türk–müsəlman dövlətlərində bu əlaqələrin elçilər vasitəsilə tənzimləndiyini qeyd ediblər.  Tədqiqatçıların əsərlərində dövrə bağlı diplomatik etiket qaydaları, dövlət başçıları və şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilibdir. 
Orta əsr qaynaqlarında hökmdarlar və şahzadələrin başqa dövlətlərə getmələrinin geniş təsviri yer almaqdadır. Bu materiallara əsasən deyə bilərik ki, hökmdarların başqa dövlətlərə getmələri onların taxt-tacları üçün ciddi təhlükə olduğu təqdirdə mümkün olurdu. XIV əsrin sonu XV əsrin əvvəllərində Əmir Teymur təhlükəsi üzündən Sultan Əhməd Cəlairi və Qara Yusifin əvvəlcə Osmanlı dövlətinə, sonra isə Misir Məmlük dövlətinə getmələri məlum hadisədir. Hökmdar və şahzadələrin başqa dövlətlərə getdikləri zaman siyasi vəziyyətdən asılı olaraq qəbul edilmələrinin mənbələrdə təsviri bir sıra tarixi həqiqətləri ortaya qoymağa imkan verir. Bu baxımdan XVI əsr Osmanlı müəllifi Xoca Sədəddin Əfəndinin “Tacüt-təvarix” əsərində Qaraqoyunlu hökmdarı İsgəndər Mirzənin Ruma getməsinin təsviri maraq doğurur. Xoca Əfəndi yazır: “Bu ildə Teymur xan oğlu Şahrux qorxusundan İsgəndər bəy qaçıb Ruma (Osmanlı) gəldi və Şahrux Mirzə İraq vilayətini qarət və xərab etdi”  İsgəndər Mirzə qışı bu diyarda keçirmək üçün Osmanlı sultanına übudiyyətnamə (itaət məktubu - T.C.) yazır. Burada o, Osmanlı sarayına bağlılığını atasının və Osmanlı sultanının babası arasında olan dostluğun davamı kimi xatırladır və qışlamaq üçün bir guşə rica edir. II Sultan Murad isə Amasya və Toqat hakimi olan Yerküc paşaya hökm göndərərək “orada İsgəndər Mirzəni yerləşdirməkdə ehtiyatlı davranmağı, padşaha uyğun bir şəkildə onu qonaq saxlamağı” tövsiyə edir  Osmanlı sultanının ehtiyatlı davranma tələbi, təbii ki, Ruma doğru çəkilən Qaraqoyunlu hökmdarının güclü hərbi qüvvəyə malik olmasından irəli gəlirdi. Belə ki, Toqata çəkilməmişdən əvvəl onun yolunu Gürcüstan sərhədində “Duşqaya” adlı yerdə Ağqoyunlu qüvvələri kəsmişdi, lakin onlar İsgəndər Mirzə tərəfindən məğlubiyyətə uğradılmışdı. Bu zaman arxadan İsgəndər Mirzənin qoşununu Şahruxun oğlu Əmir Cöngənin [ərəb qrafikasının türk sözlərinin oxunmasında yaratdığı yanlışlıq üzündən onun adı müasir elmi ədəbiyyatda “Cuki” kimi verilir] başçılığı altında Teymuri qüvvəsi təqib edirdi. Ağqoyunlular İsgəndər Mirzənin qarşısında tab gətirə bilmədiklərindən Ərzincana çəkilmiş və 1435-ci il avqustun sonu - sentyabrın əvvəllərində burada Qaraqoyunlu sərkərdəsi ilə Qara Yuluq arasında baş vermiş döyüşdə acınacaqlı məğlubiyyətə uğramışdılar. Nəticədə İsgəndər Mirzə Ağqoyunlu bəyinin başını kəsərək Məmlük sultanına göndərmişdi. 
Osmanlı sultanının fərmanına uyğun olaraq, xəzinədən İsgəndər Mirzəyə layiqli hədiyyələr – zərə tutulmuş geyimlər, miras silahlar, daş-qaşla bəzədilmiş bir neçə at və sadalanması mümkün olmayan başqa hədiyələr göndərilmişdi. Məmlük tarixçiləri Qaraqoyunlu hökmdarına II Murad tərəfindən on min altun pul da göndərildiyini yazmışlar.
Hökmdar və şahzadələrin qarşılanma mərasimindən danışan Böyük Şah Abbas Səfəvi (1587–1629) dövrünün tarixçisi İsgəndər bəy Türkman “Tarixe aləm araye-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərində 1541/2-ci, 1558/9-cu il hadisələri ilə bağlı təsvirlərə belə yer verir: “Mərhum  padşah Məhəmməd Hümayun ibn Babur padşah İbn Ömər Şeyx Mirzə ibn Sultan Əbu Səid Gurəkanın xeyir amallı (xeyrməal) əhvalatı və Rum məmləkətlərinin hökmdarları nəslindən olan bəd əqidəli şahzadə Sultan Bayazid ibn Sultan Süleyman ibn Sultan Səlimin hadisəsidir. Onların hər ikisi fələk hadisələrinin ucbatından cənnətməkan şahın sarayına pənah gətirmişlər”. Böyük Moğol hökmdarı Humayun Şirxan əfqanla döyüşdə məğlub olduqdan sonra qardaşlarının müxalifəti ilə üzləşdi. O, hakimiyyətini bərpa etmək üçün Səfəvi dövlətindən yardım almaq niyyətinə düşdü. “O cənaba vəfadar və onunla səfər yoldaşı olmaqla müşərrəf olan əmirlərdən, cannisar mülazimlərdən və sədaqət şüarlı xidmətçilərdən altmış-yetmiş nəfər adam onunla (Məhəmməd Hümayunla) birlikdəydi. Onların ən əzəmətlisi Əli Şükür bəy Türkmanın nəticəsi Bayram xan Bahadur idi. Türkman nəslindən olan atası və babası İran mülkündə yaşayan adamlardılar. Bayram xanın özü isə Allahın təqdiri ilə Baburun ali ordusunun tərkibində Kabul tərəfə düşmüş və o, dudmana ləyaqətlə xidmət göstərdiyinə görə ali mərtəbələrə ucalmışdı. Bu hadisələr baş verən vaxt Bayram xan Hümayunun hökumətində xidmət edirdi. Onlar sövq biyabanını keçərək Çul (?) yoluyla Şirvan vilayətinə gəldilər, oradan müşk ətirli qələmi ilə bir məktub yazıb, onu ali şaha yolladı”. Şah I Təhmasibin gördüyü tədbirləri İsgəndər bəy belə təsvir edir: “O həzrətin həmin uca mənzilli padşaha göstərdiyi mehribanlıq haqqında Hümayun padşaha və onun ali məhiyyət mülazimlərinə göstəriləcək xidmətdən Məhəmməd xan Şərəfəddinoğluya yazılan fərmanda da cümlələr vardır. “Tarixe-Əkbəri” kitabının müəllifi Şeyx Əbülfəzl ibn Şeyx Mübarək Hümayunun hakimiyyət dövrünü əvvəldən axıradək təsvir etmişdir. Oradan məlum olur ki, o ali məqamlı padşah ətraf yerləri tələsmədən seyr edə-edə Sistandan çıxaraq, Herata gəlib çatdı. O, ruzigarın gedişindən məlala düşmüşdü və qəlbinə bir qədər şadlıq bəxş etməkdən ötrü bəzən ova çıxardı. Yuxarıda adı çəkilən fərmanda işarə olunduğu kimi, Məhəmməd xan Şərəfəddinoğlu Pole-Malan körpüsünün başında bər-bəzəkli qoşunla, müxtəlif qiymətli peşkəşlərlə o cah-cəlal dairəsinin mərkəzini (Hümayun padşahı) qarşıladı. Onlar Baqşəhrə (Bage-şəhr) təşrif gətirdikləri gün aləmlər şahzadəsi Sultan Məhəmməd Mirzə onu qəbul olunmuş qayda üzrə qarşıladı. Belə ki, o həzrət gəlib çatdıqda, atdan düşərək, onu salamladı. O həzrət də atdan enib, şahzadəni öz mehribanlıq ağuşuna aldı. Şahzadə isə ali qonağı piyada qarşılamaq və ata minməmək böyüklük təriqi və qaydası olduğundan (seçmələr bizimdir – T.C.), elə də hərəkət etdi, öz oğulluq münasibətini göstərib təvazökarlıq və insanpərvərliyini əldən vermədi. O həzrət bir neçə gün həmin ürəyəyatımlı, xüsusən, “Bağe-Murad”da, “Bağe-Zağan”da və “Bağe-cəhanara” da eyş-işrətlə məşğul oldu, öz qüssəli xatirini şənləndirdi. Hümayunun fərmanının məzmununu gündəlik dəstirüləmələ çevirən Məhəmməd xan layiqli xidmət edib onun nurlu nəzərinə ləyaqətli peşkəşlər yetirdi. Hümayun padşah Heratda bir neçə gün qalıb, yol yorğunluğu və atda əyləşmək əziyyətindən uzaqlaşdıqdan sonra yürüş cilovunu İraqa və orada baş verəcək dünya xosrovu ilə görüşə doğru yönəltdi. Onların çatdıqları hər bir şəhər və vilayətlərdə o yerlərin hakimləri və əyan-əşrafi qarşılama mərasimi təşkil edib, peşkəşlər verirdilər. Qəzvin darüssəltənətində o yerin kəlantəri olan Xacə Əbdülqəni Cəladətinin evində iqamət etdilər və bir neçə vaxt həmin mənzildə istirahətlə məşğul oldular. 
Tahir Cəfiyev
(ardı var) 

 

Xəbər xətti