ADR beynəlxalq birliyin bütün üzvlərilə dostluq əlaqələri yaratmağa önəm verirdi

19:19 - 28 İyul 2016 - KİVDF

Bu, qonşu dövlətlərlə sülh şəraitində yaşamağı, onların suverenliyinə, ərazi birliyinə hörmətlə yanaşmağı təsbit edirdi

1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir".  İstiqlal bəyannaməsində Azərbaycan Demokratik Respublikasında ali icraedici hakimiyyətin Müvəqqəti hökümətə məxsus olduğu bildirildi. Müvəqqəti hökümət Azərbaycan Milli Şurası qarşısında məsul idi. Azərbaycan Milli Şurası ADR –in ilk hökümətini təşkil etməyi şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Fətəli xanın təklif etdiyi Nazirlər Şurasının tərkibi təsdiq edildi/ Müvəqqəti hökümət lazımi hazırlıq işləri gördükdən, ilk növbədə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi və Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncə şəhərində yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərdikdən sonra Gəncəyə köçdü. Lakin burada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökümətin işini pozmağa cəhd etdilər. İyunun 17-də Milli Şuranın müvəqqəti buraxılması və bütün qanunverici hakimiyyətin Müvəqqəti hökümətin əlində cəmləşməsi haqqında qərar qəbul edildi. Fətəli xan Xoyski müvəqqəti hökumətə rghbgrlik etdi. Elə buradaca Müvəqqəti hökümətin hüquq və vəzifələrinin ümumi istiqamətləri göstərilirdi. Müvəqqəti hökümət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərtilə qalan məsələlərin həllində tam ixtiyar sahibi idi. Müvəqqəti hökümət 6 aydan gec olmayaraq Müəssisələr məclisinə seçiklər keçirib, hakimiyyəti ona təhvil verməli idi. Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni kabinə işə başladı. İyunun 19- da Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakı quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumu dəf etmək və daha sonraz Qafqaz İslam Ordusunun köməyilə Bakını azad etmək üçün milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər başladı. Sonrakı aylar Müvəqqəti hökümətin Azərbaycanın paytaxtına sahib olması uğrunda mübarizəsinə həsr edildi. Bakı uğrunda mübarizə aparmaqla yanaşı Müvəqqəti hökümət dövlət aparatı qurmaqla məşğul idi. Bu sahədə ən böyük problem milli kadrların çatışmaması ilə bağlı idi. Çar zülmünün Azərbaycana vurduğu ən böyük zərbələrdən biri – dövlət aparatına yerli müsəlman əhalinin yaxın buraxılmaması özünü kəskinliyi ilə hiss etdirirdi. Yeni yaranmış dövlət orqanları məmurlarının xeyli hissəsini qeyri – yerli millətlərin nümayəndələri təşkil edirdi. Odur ki, Nazirlər Şurasının 1918 –ci il 27 iyun tarixli fərmanında deyilirdi:-Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi – daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər höküməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin. İki il ərzində dövlət orqanlarının işinin tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. İctimai həyatın başqa sahələrinin də milliləşdirilməsinə başlandı. Müvəqqəti hökümətin diqqətini cəlb edən işlərindən biri də avfqust ayında yaradılmış Fövqəladə Təhqiqat Komisiyyası idi. Bu komisiyyanın funksiyasına yerli əhaliyə qarşı vəhşiliklərin, o cümlədən mart qırğınlarının dəqiq öyrənilməsi, günahkarların müəyyən edilməsi və onların məhkəməyə verilməsi daxil idi. Komisiyyanın təhqiqatları cəmləşdirilib, əsas Avropa dillərində çap olunmalı və yayılmalı idi. Bu dövrdə xarici siyasətə  də önəm verildi. Azərbaycan Demokratik Respublikasının Milli şurasının bəyannaməsində elan edilən “Azərbaycan Demokratik Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvlərilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq” prinsipi hökumətin xarici siyasət strategiyasının əsasını təşkil edirdi. Bu prinsip qonşu dövlətlərlə sülh şəraitində yaşamağı, onların suverenliyinə, ərazi birliyinə hörmətlə yanaşmağı təsbit edirdi. Azərbaycan Demokratik Respublikasının xarici siyasət kursu mürəkkəb və ziddiyyətli şəraitdə həyata keçirilir, çox saylı təzyiqlər və müqavimətlə üzləşirdi. ADR-in 23 aylıq fəaliyyəti ərzində ölkədə beş hökumət kabinetinin dəyişlirilməsinə, müxtəlif siyasi partiyaların nümayəndələrinin dövlət strukturlarına daxil olmalarına baxmayaraq M.Ə.Rəsulzadənin qəti mövqei sayəsində ADR-in xarici siyasət kursunun əsas istiqaməti sabit qalır və dönmədən həyata keçirilirdi.
Azərbaycan Demokratik Respublikasının xarici siyasət kursunun ardıcıl həyata keçirilməsi üçün xüsusi dövlət strukturunun yaradılmasına böyük ehtiyac var idi. Bu məqsədlə birinci kabinənin tərkibində xarici işlər nazirliyi təsis edildi və Məmməd Həsən Hacınski onun başcısı təsdiq edildi . Xarici işlər nazirliyinin ən vacib vəzifəsi Azərbaycanın Avropa dövlətləri tərəfindən hüququ cəhətcə tanınmasına və qonşu dövlətlərlə münasibətlərin nizama salınmasına nail olmaqdan ibarət idi. Böyük çətinliklərə baxmayaraq hər iki məsələnin həll edilməsi istiqamətində milli hökumət ciddi tədbirlər həyata keçirir, Qafqazda həmrəyliyin və Azərbaycanın müstəqil dövlətinin təhlükəsizliyinin təmin edilməsi üçün qonşu, yaxın və uzaq ölgələrlə münasibətlərin tənzimlənməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Azərbaycan hökumətinin Dağlılar Respublikası ilə əlaləqəri möhkəmləndirməsi bu istiqamətdə böyük addım oldu. Azərbaycan hökuməti 1918-ci ilin oktyabr-noyabr aylarında bağlanmış müqaviləyə əsasən ağır maliyyə vəziyyətinə düşən Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərdi.
Bəzi ərazi problemlərinin olmasına baxmayaraq Azərbaycan hökuməti qonşu Gürcüstan respublikası ilə normal münasibətlərinin yaradılmasına nail oldu və hər iki ölkə Qafqazda sülhün və həmrəyliyin təmin edilməsi məsələsində mövqelərinin yaxın və ya eyni olduğunu bəyan etdi. 1919-cü il aprelin 25-də Tiflisdə keçirilən konfransda Azərbaycan və Gürcüstan hökumətləri eyni mövqedən çıxış etdilər və əməkdaşlıq haqqında razılığa gəldilər. Konfransda hər iki ölkə arasında siyasi, iqtisadi, maliyyə və ərazi problemlərinin müzakirəsi nəzərdə tutulmuşdu. Denikin ordusunun Dağlılar Respublikasına hücumu və Ermənistanın Azərbaycana qarşı pozuculuq fəaliyyəti konfransın işinə mane olsa da Denikin təhlükəsinin güclənməsi Azərbaycanla Gürcüstanı daha da yaxınlaşdırdı. Nəhayət 1919-cu il iyunun 27-də onların arasında üç il müddətinə hərbi-müdafiə sazişi imzalandı. Tarixən dostluq və qardaşlıq mühütündə yaşayan azərbaycan və gürcü xalqları bu sənədlə mehriban qonşuluq əlaqələrini rəsmiləşdirdilər uzun yol keçib bu günkü strateji tərəfdaşlıq səviyyəsinə ucaldılar
Birinci dünya müharibəsi nəticəsində ağır vəziyyətə düşmüş Türkiyə ilə əlaqələr bərpa edildi. Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın Türkiyədə səfiri təyin edilməsi bu iki qardaş ölkə arasında əlaqələrin gücləndirilməsinə müsbət təsir etdi. Azərbaycanın Avropa və Qafqaz ölkələri ilə genişlənən əməkdaşlığı Türkiyənin də milli mənafeləri üçün faydalı idi.
(ardı var)

Xəbər xətti