Səfəvilər dövlətinin yaradılması regionunun ictimai-siyasi həyatında ciddi hadisəyə çevrildi

19:16 - 22 İyul 2016 - KİVDF

 Şah İsmayıl maddi və mənəvi hakimiyyəti birləşdirən böyük şəxsiyyət idi

XVI yüzilliyin başlanğıcında I Şah İsmayılın başçılığı ilə Azərbaycan Səfəvilər dövlətinin yaradılması bütün Yaxın və Orta Şərq regionunun ictimai-siyasi həyatında ciddi hadisəyə çevrildi. Məşhur sufi şeyxlərinin varisi olması, qısa müddətdə böyük uğurlar əldə etməsi, Xətai təxəllüsü ilə gözəl şeirlər yazması, zülmü yox edərək ədalət gətirəcəyini irəli sürməsi bu gənc Səfəvi şahının şöhrətini hər tərəfə yaydı. Azərbaycanda, İranda, Anadoluda, Şamda fəaliyyət göstərən, Əhli-Beyt tərəfdarı olan müxtəlif təsəvvüf cərəyanları və heteredoks inanca sahib təriqətlər (Ələvilər, Əhli-Həqlər, Nüseyrilər, İsmaililər, Nemətullahilər, Hürufilər və s.) maddi və mənəvi hakimiyyəti birləşdirən və böyük perspektiv vəd edən Şah İsmayılın simasında özlərinə himayədar tapmağa və onunla təmasa keçməyə cəhd göstərdilər. Bu barədə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Namiq Musalı yazıb.Onun sözlərinə görə,Səfəvi hökmdarı da öz mənəvi və siyasi nüfuzunu ətrafa yaymaq üçün bu kimi təriqətlərlə əlaqələr qurmaqda maraqlı idi. Belə təriqətlərdən biri Osmanlı ərazisində – Anadolu və Balkanlarda fəaliyyət göstərən Bektaşilik təriqəti idi. Adını XIII əsrdə yaşamış məşhur irşad rəhbəri Hacı Bektaş Vəlidən alan bu təriqət on iki imam inancına əsaslanan bir etiqada malik idi. Şah İsmayıl Xətai öz şeirlərində Hacı Bektaş Vəlini ehtiramla yad etmişdir:
“Xətai biçarə quldur şahına,
Xünkar Hacı Bektaş nəzərgahına” .
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Namiq Musalı yazıb ki, Xətai deyişləri Bektaşilər arasında xüsusi populyarlığa malik idi. və bunun təsirləri günümüzə qədər gəlib çatmışdır. İki il öncə, 2009-cu ilin 22 oktyabr gecəsində köhnə Soluca Qara Öyük kəndində, indiki Hacı Bektaş qəsəbəsində yerləşən Hacı Bektaş Vəli dərgahında Mehmet Tufan Dədənin başçılıq etdiyi bir cəm ayinində iştirak etdiyimiz zaman orada söylənən şeirlərin əksəriyyətinin Şah Xətaiyə məxsus olması diqqətimizi çəkmişdi.
Onun sözlərinə görə, Səfəvilərin Bektaşi təriqəti ilə münasibətlərinin tarixinə daha öncə bəzi araşdırmalarda nəzər salınmışdır. Bu tədqiqatlar əsas etibarilə Azərbaycan Respublikası ərazisindəki Səfəvi dövrünə aid Baba Samit pirinin və Bektaşilərə mənsubluğu güman edilən digər abidələrin epiqrafik kitabələrinə əsaslanmaqdadırlar . Mövzu ilə əlaqədar qaynaqların bilgilərinə müraciət edilməsi bu istiqamətdəki boşluqları tamamlamağa kömək edə bilər.
Səfəvi – Bektaşi münasibətləri haqqında məlumat verən mənbələrdən biri, anonim azərbaycanlı müəllif tərəfindən h. 1086 / m. 1675-76-cı ildə farsca qələmə alınmış “Tarixi-aləmarayi-Şah İsmayıl” (“Şah İsmayılın dünyanı bəzəyən tarixi”) və ya “Tarixi-aləmarayi-Səfəvi” (“Səfəvinin dünyanı bəzəyən tarixi”) əsəridir. Bu əsər XVI yüzilliyin ilk rübündə Türkiyədəki Ələvi və Bektaşi camaatlarının Səfəvilər dövləti ilə əlaqələrinə işıq tutan nadir məxəzlərdən biridir . Tarixçi yazıb: “Aləmara”nın mətnindən aydın olur ki, Azərbaycanda Səfəvi dövlətinin qurulması Osmanlı torpaqlarında Əhli-Beyt tərəfdarı olan sufilər arasında böyük sevincə səbəb olmuşdu. Bu qaynaqda Osmanlı ölkəsində dərin nüfuza sahib olan Bektaşi təriqətinə mənsub bəzi dədələrin Səfəvi dövləti ilə gizli təmaslarına dair qısa, lakin önəmli məlumatlar verilmişdir. Bu faktlar, 1501-ci ildə Şah İsmayılın Azərbaycan səltənətinin taxtına əyləşməsindən dərhal sonra İstanbuldakı Bektaşi liderlərindən olan Dədə Məhəmmədin onunla əlaqə yaratmağa çalışdığını ortaya çıxarır".
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Namiq Musalı yazıb ki, anonim müəllif bu hekayəyə Dədə Məhəmmədin şəxsiyyətini tərifləməklə başlayır: “Deyirlər ki, Qüstəntiniyyə (İstanbul) şəhərində Dədə Məhəmməd adlı bir dərviş vardı və o, Hacı Bektaş Vəlinin müridlərindən idi. Haqq yolunda çoxlu əziyyət çəkməsi səbəbindən ürəyinin aynasını elə saflaşdırmışdı ki, öz mərifət nuru sayəsində sirr əhlinin ürəyindəki sirləri pak çeşmə üzərindəki ləpə kimi müşahidə edə bilirdi. Onun xidmətində təxminən iki-üç min mürid vardı”. Mənbədən anlaşılır ki, Dədə Məhəmməd Şah İsmayılın iqtidara keçəcəyini öncədən müjdələmiş və bu hadisənin baş tutmasından dərhal sonra özünün Dədə Həsən adlı bir müridini şahın yanına göndərmiş, yeni qurulmuş Səfəvi dövləti ilə gizli münasibətlər yaratmışdı.
Kəbeyi-müəzzəmə ziyarətinə getmək istəyən Dədə Həsən öz mürşidinin hüzuruna gələrək, ondan izin istəmiş və Dədə Məhəmməd ona icazə verərək, Məkkə ziyarətinin ardından İraqdan keçməklə Təbrizə getməsini əmr etmişdi: “İzin verirəm. Amma ziyarətin bitdikdən sonra Ətəbati-Aliyata (imamların İraqdakı məzarlarına – N.M.) yollanarsan və oradan da səltənət mərkəzi olan Təbrizə gedərsən”. Daha sonra Dədə Məhəmməd öz müridinə təmiz və pak soydan gələn böyük bir qəhrəmanın, yəni Şah İsmayılın zühur edərək Təbrizdə padşahlıq taxtına oturmasının, orada sikkə zərb etdirməsinin və xütbə oxutmasının xəbərini vermiş və Dədə Həsəndən öz salamlarını Şah İsmayıla yetirməsini istəmiş, uğur gətirməsi üçün şaha bəzi kiçik hədiyyələr göndərmişdi: “O hökmdarın hüzuruna gedib bizim salamlarımızı ona çatdırarsan. Bu əbləği (baş geyiminə vurulan bəzək – N.M.) ona verərsən ki, tacının üzərinə bağlasın və bu zınqırovu da verərsən ki, savaş günündə atının boynuna taxsın”.
Anonim müəllif Dədə Həsənin çətin səyahətini və Şah İsmayılla görüşüb mürşidinin hədiyyələrini ona çatdırmasını rəvayət tərzində şərh edir. O, Dədə Həsənin gəldiyi zaman Şah İsmayılın “başına qırmızı rəngli tac (qızılbaş tacı – N.M.) qoymuş, təxminən on dörd yaşlı, şabalıdı saçlı, qoç baxışlı bir cavan” olduğunu qeyd etmişdir.
Bicən adlı bir tarixçi tərəfindən qələmə alındığı güman edilən “Cahangüşayi-xaqan” (“Xaqanın dünyanı tutması”) adlı digər bir Səfəvi qaynağında da Dədə Məhəmmədin Şah İsmayılla münasibətlərindən bəhs edilmiş və Dədə Məhəmmədin “Rumeli sufilərindən və dərvişlərindən” olduğu göstərilmişdir. Bu mənbədə onun Təkkə elindəki qızılbaş lideri Şahqulu Baba ilə bağlantılı olduğu və Təbrizə şəxsən özünün səfər edərək, Şah İsmayıla hədiyyələri öz əlləri ilə təqdim etdiyi yazılmışdır.
Tarixçinin sözlərinə görə, iki Səfəvi qaynağında aşkarladığımız bu mühüm məlumatlar XVI əsrin əvvəllərində yalnız Şərqi və Mərkəzi Anadolu bölgələrində deyil, hətta İstanbulda və Rumelidə də Səfəvi tərəfdarlarının olduğunu ortaya çıxarır. Səfəvi mənbələrinin bu yöndəki faktları digər qaynaqlarla da təsdiq olunur. Məsələn, XVI əsrə aid anonim bir yunan qaynağında İstanbulda Şah İsmayıl tərəfdarı olan ailələrin sayının 200-ə çatdığı qeyd edilmişdir  Maraqlıdır ki, “Aləmara”da Bektaşilərin Osmanlı dövləti ilə də yaxşı münasibətlərə malik olduğu əksini tapmışdır: “Sultan Bayəzid (II Bayəzid ) ... hər hansı bir Allah adamının məzarının olduğu türbə və ziyarətgahlara nəzir olaraq ənbər qoxulu şamlar, qızıllar və qəndillər göndərirdi. Özü Hacı Bektaş Vəlinin təkyəsinə ziyarətə gedərdi, oraya çoxlu nəzir aparardı və onun müridlərinə nəvaziş göstərərdi”. Eyni mənbədə Bektaşilərin həm Səfəvilər, həm də Osmanlılarla əməkdaşlıq içində olmasına dair məlumatların yer alması ilk baxışdan uyğunsuzluq kimi görünsə də, əslində, tarixi gerçəklikləri ehtiva etməkdədir. XVI əsrin başlanğıcında Bektaşi təriqəti “yol övladı” kimi tanınan Babağan qoluna və “bel övladı” adlanan Çələbilər qoluna ayrılmışdı. Osmanlı dövləti tərəfindən Hacı Bektaş dərgahının rəhbərliyinə gətirilən və Babağan qolunun təmsilçisi olan Balım Sultanın əsas vəzifəsi Bektaşilərin Səfəvi təbliğatının təsiri altına düşməsinin qarşısını almaq idi. Beləliklə, Babağan qoluna bağlı olan Bektaşilər Osmanlı dövləti ilə yaxşı əlaqələrə malik olduqları halda, istər Çələbilər qoluna mənsub, istərsə də müstəqil Bektaşi ocaqlarına aid olan icmalar Şah İsmayılın öndərliyindəki Səfəvi hərəkatına simpatiya bəsləyirdilər. Bektaşi təriqətinin idarəsini Babağan qoluna verən Sultan II Bayəzid onların Soluca Qara Öyükdə yerləşən dərgahını təmir etdirmiş, oranı zənginləşdirmiş və bu təriqətin rəhbərliyinə qeyri-ənənəvi islamiyyət anlayışına sahib olan kütlələri mərkəzi hakimiyyətin nəzarəti altında toplamağı və onları yönləndirməyi həvalə etmişdi.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Namiq Musalı yazıb ki, bu faktlara əsaslanaraq, belə bir nəticəyə gələ bilərik ki, Şah İsmayıla salamlarını və təbriklərini çatdıran Dədə Məhəmməd və ona bağlı Bektaşi icması Osmanlıya dəstək verən Babağan qoluna deyil, Çələbilərə və ya müstəqil Bektaşi ocaqlarından birinə mənsub olmuşlar. Bu qrupların Səfəvilərlə təmasları sonrakı dövrlərdə də davam etmişdir.

 

Xəbər xətti