Manna güclü dövlətçilik ənənələrimizin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır

19:11 - 12 İyul 2016 - KİVDF

Urartulular və assuriyalılar Manna hökmdarı ilə hesablaşdılar

Manna Urartu dövləti ilə dəfələrlə müharibə meydanında qarşılaqıb. Urartu öz qüvvələri ilə Manna ilə bacara bilməyib və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarıb. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanıb və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə edib. İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyib. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxıb. II Sarqonun köməkliyilə onlar yenidən mannaya tabe ediliblər.
İranzunun ölümündən (təqribən e.ə. 719 və 716-cı illər arasında) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlanıb. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçib. Manna dövlətinin süqutu ilə əlaqədar İqrar Əliyev yazır ki, Manna öz dövrünün ən qüdrətli dövlətlərindən birinə çevrilib. Tezliklə güclənmiş Manna artıq Assuriya ərazilərinə hücum etməyə cürət etdi. Manna ərazisi çar Axşerinin dövründə (o, ölkəni e.ə. VII əsrin 50-ci illərinə qədər idarə etmişdi) xeyli genişlənib. Bu dövrdə urartulular və assuriyalılar Manna hökmdarı ilə hesablaşdılar. Həmin dövrdə güclü Manna ordusu vardı. Döyüşçülər özlərinənəməxsus  paltarlar geyirdilər. Bu geyim uzun olub, ətəyə qədər genişlənirdi. Parçadan və dəridən hazırlanan geymin üzərinə dəmir lövhəciklər tikilirdi. Manna döyüşçüsünün geyimi qədim İkiçayarası geyimlərinə bənzəyirdi. Döüşçünün kürəyini sol çiyinə bənd edilmiş heyvan dərisi örtürdü. Geyimə dəri və parçaya bənd edilmiş deşikləri olan tunc lövhəciklər də daxil idi. Döyüşçülər  başlarına tuncdan, yaxud dəmirdən hazırlanmış dəbilqə  qoyurdular. Dəbilqənin arxasında  lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik olurdu. Formasına görə şiş və daraqlı olan dəbilqələr var idi. Döyüşçünün silahlarına ox və kaman, tunc və dəmirdən hazırlanmış xəncər, həmçinin tunc toppuzlar daxil idi. 
Həmin dövrdə Manna dövləti inzibati quruluşuna görə vilayətlərə bölünürdü. Hər bir vilayət canişin tərəfindən idarə olunmaqla mərkəzi hakimiyyətə tabe idi. Mannanın ən böyük və məşhur vilayətlərindən biri  Uişdiş vilayəti idi. Bu vilayət indiki Marağa şəhərinin yerləşdiyi bölgələri əhatə edirdi. Uişdiş canişini Zikirtu və Andia canişinləri ilə birlikdə Van (Urartu) padşahının təhriki ilə Manna hökmdarı Azaya qarşı qiyamda iştirak etməli idi. Lakin Assuriyanın köməyi ilə burada mərkəzi hakimiyyətə tabeçilik bərpa edilmişdi.
 Misi vilayəti isə Mannanın cənub torpaqlarını əhatə edirdi. Vilayətdə yaşayan cəngavər tayfalar atçılıq və dəvəçiliklə məşğul olur, qaramal və davar saxlayırdılar. Misi vilayəti Ullusununun hakimiyyəti dövründə Mannaya birləşdirilmişdi. Ərazisi olduqca geniş olan bu vilayətin canişini özünü müstəqil aparmağa çalışırdı.
Allabria vilayəti Urmiya gölü hövzəsində yerləşirdi. Mənbələrdə Allabria çarlığı haqqında geniş məlumatlar verilir. Allabria çarlığının adı ilk dəfə e.ə. IX əsrin ortalarında çəkilir. Bu mənbədə Assuriya çarı III Salmanasarın Allabrianın qala-şəhərlərindən birini ələ keçirməsindən, oranın var-dövlətini talamasından söhbət açılır. Allabria canişini də Van padşahlığının təhriklərinə uyaraq tez-tez mərkəzi hakimiyyətə qarşı çıxırdı.
Gizilbunda vilayəti «Dağlıq ölkə» adını daşıyırdı. Bu vilayət Mannanın şərq torpaqlarında yerləşirdi. Mənbələr e.ə. IX əsrdə assurların bu vilayətə yürüşləri, Gizilbundanın mübarizə apararaq öz müstəqilliyini qoruyub saxlaması haqqında məlumat verir. Assuriya çarı III Salmanasar Gizilbunda əhalisini «öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan» adamlar adlandırır.
Andiya vilayəti isə Mannanın şərq sərhədlərində, Qızılüzən çayı hövzəsinin orta və aşağı hissəsində yerləşən ən uzaq vilayət idi. Onun adı ilk dəfə III Salmanasarın hakimiyyətinin sonlarına aid kitabələrdə çəkilir. Digər Assur hökmdarı III Adadnaririnin işğal etdiyi ölkələr arasında  «Günəşin batdığı böyük dənizədək» uzanan Andiyanın da adı çəkilir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna özünün ən qüdrətli dövründə Andiyanı assurlardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdi.
 Sanqibuti vilayəti Urmiya hövzəsinin şimal-şərq hissəsində Manna ilə Urartunun sərhəddi hüdudunda yerləşirdi. Vilayət iki hissədən Subi və Baradan ibarət idi. Sanqibuti vaxtaşırı olaraq gah Mannaya gah da Van (Urartu) padşahlığına tabe olurdu. II Sarqonun kitabələrində bu vilayətin yaxşı möhkəmləndirilmiş at tövlələri, arpa dolu anbarları olan Tarun və Tarmakis qalalarının adı çəkilir. Bara vilayətində hökmdar sürüləri saxlanırdı.
Bu vilayətlər dövlətin güclənməsində rol oynadıqları kimi bəzən qonşu dövlətlərin təhrikləri ilə mərkəzi hökumətə qşarşı çıxırdılar. Bu isə Manna dövlətinə zəiflədirdi. Mannanın çiçəklənməsi prosesi uzun çəkmədi.
Mannanın gücü və qüdrəti müəyyən dərəcədə kimmerlərlə, skiflərlə və madalılarla (midiyalılarla) ittifaqdan asılı idi. Lakin bu ittifaq 70-ci illərin sonuna doğru skiflərin bir hissəsinin xəyanəti nəticəsində iflasa uğradı. Assurilər tərəfinə keçmiş Partatunun başçılıq etdiyi skiflərin bir hissəsi Assarxaddona mannalılara və (başda İşpaka olmaqla onlarla dostluğu davam etdirən) skiflərin başqa bir hissəsinə zərbə vurmağa kömək etdi.
Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (668-627) təxminən 660-cı illərə yaxın assurilər Mannaya ağır zərbə endirdilər və onu əvvəlki şöhrətindən tamamilə məhrum etdilər. Bundan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna Ninəva hökmdarlarının vassalı səviyyəsinə endirildi və süqutuna qədər assurilərə sadiq qaldı. Bu, keçmiş müttəfiq olmuş madalalıların mannalılara düşmənçilik münasibəti əsasını qoydu.
Uğursuz müharibə ölkədə gərginləşmiş vəziyyəti daha da kəskinləşdirirdi.
Məşhur "Qedd salnaməsi"nd mannalıları adı sonuncu dəfə e.ə. 616-cı il hadisələri ilə əlaqədar olaraq çəkilir. Lakin bəzi məlumatlara əsasən Manna çarlığının süqutunu e.ə. 593-cü ildən sonraya aid etmək olar.
Beləliklə,  Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru - Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.

Xəbər xətti