“Oyuq”çuların bayram sovqatı

17:26 - 28 İyun 2016 - Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları iyunun 28-də daha bir möhtəşəm tədbiri reallaşdırdılar. 
 26 iyun  Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə təqdim olunan  tamaşa-konsert  ənənəvi olaraq xeyriyyə xarakteri daşıyırdı.  
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, komik  hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşğusu ilə müşayiət olundu. 

Maraqlı səhnə həlli verilən tamaşanın  müəllifi yazıçı Səidə Haqverdiyeva, rejissoru  Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir. 
Anşlaqla keçən  tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Aylin Nəcəfli,  Nigar Xanmirzəyeva,  Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova  və başqaları çıxış edirdilər.  
Onu da qeyd edək ki, bu tədbir Müasir Psixologiya Mərkəzi ilə birgə hazırlanmışdı və valideyn himayəsindən məhrum uşaqlarla reabilitasiya xarakteri daşıyırdı. 


Xəbər xətti