Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzi açılıb: Bölgələrdə ilk dəfə - FOTO

15:13 - 3 İyun 2026 - ÖLKƏ İÇİ

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan–Çin təhsil əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib. 

Ucnoqta.az xəbər verir ki, görüş çərçivəsində kompleksdə Konfutsi Mərkəzinin açılışı olub və mərkəzin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, eləcə də Mübariz İbrahimov adına Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov, liseyin müəllim və şagird heyəti iştirak ediblər.

Kompleksin İcraçı direktoru Aqşin Bağırov çıxışında Kompleksdə beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, Konfutsi Mərkəzinin açılması şagirdlərin yeni dillər öyrənməsi, fərqli mədəniyyətlərlə tanış olması və beynəlxalq dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Aqşin Bağırov bu təşəbbüsün gələcəkdə təhsil sahəsində daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaradacağını vurğulayıb.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında iki ölkə arasında əməkdaşlığın humanitar və təhsil sahələrində uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, belə mərkəzlər xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və gənclərin müxtəlif mədəniyyətləri daha yaxından tanımasına töhfə verir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla isə çıxışında xarici dillərin öyrənilməsinin müasir gənclər üçün geniş imkanlar yaratdığını vurğulayıb. O bildirib ki, Konfutsi Mərkəzinin fəaliyyətə başlaması şagirdlərin beynəlxalq bilik və bacarıqlarının inkişafına, eləcə də Azərbaycan–Çin təhsil əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda qonaqlar təhsil kompleksi ilə tanış olub, şagirdlər üçün yaradılan şərait və həyata keçirilən yeniliklər barədə məlumatlandırılıblar.


Xəbər xətti