"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, velosipedçilər bu etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət ediblər.
Finişə Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci çatıb. İtaliyanın "Solution Teks NIPPO Rali" komandasının isveçrəli üzvü Aleksandr Balmer ikinci, İspaniyanın "Burqos Burpellet BH" klubunun uruqvaylı velosipedçisi Erik Antonio Fakundes üçüncü olub.
İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.
Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.