Şərqi Zəngəzur məktəbliləri peşə məktəbinə ekskursiyada oldu

10:39 - 7 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Şərqi Zəngəzur məktəblilərinin daha bir qrupunun peşə təhsili müəssisəsinə ekskursiyası təşkil edilib. Bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyada Kəlbəcər rayon 21 nömrəli tam orta məktəbin VII-IX sinflərində təhsil alan 24 nəfər şagird iştirak edib. 

Ucnoqta.az xəbər verir ki, şagirdlərə həyata keçirilən layihə ilə bağlı məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Peşə öyrən, işsiz qalma!” - Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi 5 məktəbi əhatə edir. Layihə çərçivəsində ən azı 100 nəfər şagird peşə liseyində təhsil imkanları ilə tanış ola biləcəklər. 

Daha sonra layihənin təlimçisi Əsmər Baxışova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən ixtisaslarla bağlı şagirdlərə məlumat verib. Şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlərlə əyani tanış ola biliblər.

Daha sonra şagirdlər tədris müəssisəsini gəzərək mövcud şəraitlə tanış ola biliblər. Şagirdlər peşə məktəbində avtomobil elektriki, çilingər, dülgər, qaynaqçı, ev dizaynı, elektrik və kompyuterlə bağlı peşələr öyrədilər auditoriya və emalatxaları gəziblər. 

Ekskursiya zamanı layihə rəhbəri Gülsarə Həsənova və layihənin təlimçisi Əsmər Baxışova şagirdləri maraqlandıran sualları cavablandırıblar.

 


Xəbər xətti