Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) yeni liderinin seçilməsi üçün keçirilən səsvermənin birinci turunda qalib müəyyənləşməyib.
Ucnoqta.az xəbər verir ki, seçkinin nəticələrinə görə, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi və keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi ikinci tura keçiblər.
LDP-nin sıravi üzvləri və hazırkı partiya deputatları arasında keçirilən səsvermənin nəticələrinə görə, Takaiçi ümumilikdə 183, Koizumi isə 164 səs toplayıb.
Üçüncü yeri 134 səs toplayan partiyanın hazırkı baş katibi və keçmiş xarici işlər naziri Yoşimasa Hayaşi tutub.
Partiya lideri bununla da yaxın bir saat ərzində keçiriləcək səsvermənin ikinci turunda müəyyənləşəcək. İkinci tura keçən Koizumi və Takaiçi səsvermənin ikinci turu başlamazdan əvvəl qısa müddət ərzində partiya üzvlərinə müraciət edərək, digər namizədlərə təşəkkürlərini bildirib və öz platformalarının əsas məqamlarını təkrarlayıblar.
Takaichi proporsional təmsilçilik sistemi ilə 119 səs toplayaraq ölkə üzrə sıravi partiya üzvlərindən güclü dəstək aldı. Koizumi eyni sistemlə 84 səs toplayıb.