Aeroport gücləndirilmiş rejimdə işləyəcək

15:59 - 17 Mart 2025 - Xəbər

Heydər Əliyev Beynəlxalq Aeroportu, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə, 20-31 Mart 2025-ci il tarixlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd edilib ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.

“Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir” - məlumatda qeyd edilir.

Xəbər xətti