Pensiya artımları belə hesablanacaq

10:59 - 6 Fevral 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bütün pensiyalar indeksləşdirilərək artırılıb.

Ucnoqta.az xəbər verir ki, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında artımların hesablanma qaydasına aydınlıq gətirib.

V.Bayramov bildirib ki, vahid indeksasiya sistemi əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır.

Deputat artımın hesablanması formulasını aşağıdakı kimi izah edib:

“Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaş üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.

400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq”.

Parlamentari qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:

“Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaş növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

Xəbər xətti