Keyfiyyətsiz və zərərli dondurmanı necə seçək? - Ekspert açıqladı

18:21 - 19 İyul 2024 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, daha 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Ötən ay isə 10 dondurmada bu hal aşkarlanmışdı. 

Bəs dondurma seçərkən istehlakçı hansı əlamətlərdən anlaya bilər ki, aldığı məhsul keyfiyyət normalarına ziddir?

Bu barədə qida texnoloqu Ağa Salamov Redaktor.az-a bildirdi ki, ilk növbədə dondurma istehsal edən müəssisə soyuq qida zəncirinə xüsusi diqqət yetirməlidir:

"Burada süd məhsulunun daşınmasına, mikrobioloji çirklənməyə məruz qalmadığına arxayın olmaq lazımdır. Laborotoriyalarda müəyyən analizlər götürüldükdən sonra istehsalatda o süddən istifadə edib-edilməməsi barədə qərar verilməlidir. Həmçinin istehsal zamanı avadanlıqların təmizliyinə, dezinfeksiyasına diqqət yetirilməlidir, çünki həmin avadanlıqda qalan qida qalığı növbəti dəfəki prosesdə çarpaz çirkənmənin baş verməsinə gətirib çıxarır. Bu da qida zəncirinin sonunda zəhərlənmə ilə nəticələnir".

Ekspert qeyd etdi ki, dondurmalar düzgün şərtlər altında, yəni -18, -20 dərəcə soyuducuyla təchiz olunmuş maşınlarda çatdırılmalıdır:

"Dondurma əriməməlidir, çünki bir dəfə əriyib, sonra yenidən donan məhsulda bağırsaq çöpləri aşkarlanır. Ona görə də marketlərdə inzibatçılar soyuducuların qapağına nəzarət etməlidirlər, eyni zamanda çox dondurma yükləməməlidirlər. Bu zaman içəridə serkulyasiya getmir və soyuq hava kütləsi az olduğu üçün dondurmalar gec donur və ya yumşaq olur. Saatlar keçdikcə orada bağırsaq çöpləri əmələ gələ bilər".

Ağa Salamov əlavə etdi ki, istehlakçılar dondurmanın deformasiyaya uğramış olmamasına diqqət yetirməlidirlər.

"Yəni əgər dondurma öz şəklini itiribsə, onu almasınlar. Həmçinin əgər yeyərkən ağızda buz kristalları hiss olunursa, həmin dondurmanı yeməmək lazımdır. Çünki bu əlamətlər dondurmanın əvvəl əriyib, sonradan yenə donduğunu göstərir", - deyə ekspert bildirdi.

Xəbər xətti