Yeni qatarlar gəldi, amma ...

12:43 - 12 İyun 2024 - Xəbər

"Nəhayət ki, ADY-nin 2019-cu ildən gözlədiyi Stadler qatarları İsveçrədən gəlib çıxıb".

Ucnoqta.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz bildirib. Osman Gündüz bildirir ki, o zaman 10 Stadler qatarının alınması ilə bağlı ADY ilə İsveçrənin Stadler Rail Group şirkəti arasında müqavilə bağlanmışdı:

"ADY açıqlama yayıb ki, gətirilən qatarlardan biri Bakı–Ağstafa–Bakı marşrutuna daxil ediləcək və reyslərin sayı artırılacaq. Güman ki, Bakı –Qəbələ marşrutuna da belə qatarlara ehtiyac olmayacaq, çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da bu istiqamət üzrə tələbat yetərli deyil. Bəs qalan qatarlar harada işləyəcək?"

Ekspertin sözlərinə görə, maraqlı məqam odur ki, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir :

"Baki - Balakən, Bakı - Astara, Bakı - Qazax, Bakı - Böyük Kəsik, Bakı - Yalama. Ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağını ADY hələlik açıqlamayıb.

ADY-nin fəaliyyətsiz olduğunu da qeyd etmək ədalətsizlik olardı. Hazırda ADY-nin qazancı ancaq yükdaşımadan çıxır. Odur ki diqqət yetirdikdə görünür ki, bu qurumda yükdaşıma prioritetdir və resurslar da bu istiqamətdədir.

Daxili marşrutların təmiri, infrastrukturun bərpası isə böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetəırli subsidiya vermir.

Güman ki yükdaşımadan gələn gəlirlə ADY ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. Beləcə də 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb.

Beləliklə, görünən odur ki, əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə qatarlarımız var , amma onların işləyəcəyi infrastruktur yoxdur, daxili dəmir yol xətləri bərbad gündədir".

Xəbər xətti