Beynəlxalq səyahətçilər Cıdır düzündə olublar - FOTO

14:55 - 4 Fevral 2023 - Cəmiyyət

12 ölkənin nümayəndəsinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu ekofəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı Xankəndi-Laçın yolunda dinc aksiya keçirdikləri əraziyə baş çəkdikdən sonra Şuşadakı Cıdır düzünə yollanıb.

“Report” xəbər verir ki, qonaqlara bir vaxtlar Cıdır düzündə Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib.

Səyyahlara həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin yüngül silahlarla bu təhlükəli qayalara dırmaşaraq düşmənin gözləmədiyi yerdən görünməmiş hərbi əməliyyat keçirməsindən, Şuşanın işğaldan azad edilməsindən danışılıb.

Bildirilib ki, müharibə başa çatdıqdan və Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra hər il Cıdır düzündə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirilir, eləcə də digər böyük tədbirlər təşkil olunur.

Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.

 


Xəbər xətti