ABŞ-ın Nyu-York şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli bayraqqaldırma mərasimi keçirilib.
Ucnoqta.az-ın ABŞ bürosunun verdiyi məlumata görə, mərasim Nyu-Yorkun simvolik məkanlarından və maliyyə mərkəzi hesab olunan Wall Street ərazisində yerləşən “Bowling Green” parkında təşkil olunub. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sıx ziyarət etdiyi məkanda Azərbaycanın üçrəngli Dövlət Bayrağı ucaldılıb.
Tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (Azerbaijani-American Youth Federation) təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev, diaspor nümayəndələri, gənclər və Nyu-Yorkda yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından üçrəngli bayrağımız qürurla dalğalandırılıb.
Mərasim yerli sakinlər və turistlər tərəfindən də böyük maraqla qarşılanıb. Ziyarətçilər Azərbaycan bayrağı fonunda şəkillər çəkdirib, soydaşlarımız isə onlara ölkəmiz, tariximiz və milli dəyərlərimiz haqqında məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı “Bowling Green” parkında 10 gün müddətində dalğalanacaq.
Vüsalə Abbasova