Sorağı uzaq ellərdən gələn vokalist

10:07 - 13 Yanvar 2023 - Mədəniyyət

Musiqi bəşəriyyətin dilidir. Düşüncələri həyata keçirən musiqi ona görə ürəkdən gəlir ki, yenidən ürəklərdə özünə yuva qura bilsin. Və bu gün sizlərə qonaq edəcəyim, səsi-sorağı uzaq ellərdən gələn vokalistimiz də deyir ki, musiqi mənə dərin fikirlər təlqin edir. Musiqinin təsiri altında mənə elə gəlir ki, musiqi kədərin səsini boğur.

Akademik Opera və Balet Teatrının Solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa birincisi və Gənclər Mükafatçısı, "Azərbaycan İnciləri " Milli Mükafatçısı Urfan Cəfərov uşaq yaşlarından musiqi məktəblərində, daha sonra Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistratura pilləsində təhsil almışdır. Xalq artistləri, professor Fidan və Xuraman Qasımovaların sinfini fərqlənmə ilə bitirən U.Cəfərov hal-hazırda M.F.Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrının solistidir.

Uşaq və gənclər arasında keçirilən bir çox mahnı müsabiqələrinin, müxtəlif beynəlxalq festivalların iştirakçısı və laureatı  olmuş, respublika üzrə dövlət, xeyiriyyə və zəfər tədbirlərində, xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli konsertlərdə və festivallarda ölkəmizi hər zaman layiqincə təmsil edən Urfan vokal sənəti sahəsində əldə etdiyi yüksək nəticələrə görə dəfələrlə müvafiq qurumlar tərəfindən çox sayda fəxri fərmanlara, sertifikatlara və diplomlara layiq görülmüşdür.

Respublika və beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa çempionu və Gənclər Mükafatçısı laureatı adına layiq görülən həmsöhbətim ötən il də mədəniyyətimiz üçün tarixi nəaliyyətlər əldə etmişdir;

02-06.12.2021 Ukraynanın Truskavets şəhərində keçirilən “Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Opera və Estrada  Vokalçıların IV Beynəlxalq Müsabiqəsi”ndə 18 müxtəlif ölkələrdən gələn (16-40 yaş ) xüsusi ifaçılar arasında 1-ci dərəcəli laureat, həmçinin, müsabiqənin əsas prizi, ABŞ-nın Nyu-York ştatında dünya şöhrətli konsert arenası olan - Karnegi Hollda solo konsert nüfuzlu sertifikatını ilk azərbaycanlı olaraq məhz Urfan Cəfərov əldə etmişdir.

Urfan Cəfərovun qazandığı qələbələrdən biri də İngiltərənin London şəhərində keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsində dünyanın 18 ölkə arasında 53 unikal tərkibli juri heyətinin rəyi ilə maksimum 100 balla  Gran Pri əldə edərək “Qızıl Səs” olmuşdur. Qeyd edək ki, Azərbaycan ilk dəfə bu yarışmada iştirak edərək Erməni ifaçı ilə rəqabətdə bu qələbəni qazanıb.

19.06.2022-ci ildə isə Amerikanın New York şəhərində"American Protégé International Vocal Competition 2022" Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsindən 21 ölkə iştirakçıları arasından 1-ci yerin qalibi olan vokalist vətənimizin mədəniyyəti adına qazanılan bu qələbəni, bir çox nüfuzlu müsabiqələr Qran-Pri  laureatı  ifaçılarının, rəqabətli və şəffaf yarışından əldə etmiş, bununla da “Carnegie Hall”da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Müsabiqənin qalibi kimi Azərbaycanı ilk dəfə məşhur Karnegi Holl səhnəsində təmsil edəcək və dünyanın ən məşhur salonlarından birində solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olacaq Urfan Cəfərov həm də, Bakı şəhəri Ş.Ələkbərov adına 20 saylı onbirillik Musiqi Məktəbində vokal müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir və müəllimin bir çox tələbələri müsabiqələrdə qaliblər sırasındadır. Belə ki, bir çox müsabiqələrdə diplomlara layiq görülmüş sevilən tələbələrindən olan Fərman Qənbərov ötən il Bülbülün ev muzeyində keçirilən 125 illiyinə həsr olunmuş konsertdə gözəl səsə malik olan bacısı Günəşlə birgə çıxış edərək alqışlarla qarşılanmışdır.

Söhbətimizi Atatürkün fikirləri ilə bitirmək istərdim: “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir”.

Mətanət Şamilqızı

Xəbər xətti