Gün bu gündür, o da sizin gündür, əziz müəllimlər!

Qırx dörd günlük Vətən müharibəsindəki xidmətlərinə görə müəllimlərimiz hər cür alqışa layiqdirlər

5 oktyabr - Ümumdünya Müəllimlər Günü.  1994-cü ildən UNESCO tərəfindən təsis edilən  BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxil etdiyi bu tarix müstəqil Azərbaycanda 1993-cü ildən etibarən müəllimlərin peşə bayramı olaraq rəsmiləşdirilib.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqətin rəmzi  hesab etsək, heç də yanılmarıq. İndiyə qədər bu əlamətdar tarixin ölkəmizdə neçə keçirildiyini qiymətləndirmək niyətində deyiləm. Lakin onu deyə bilərəm ki, 2020-ci il 44 günlük Zəfərlə başa çatan Vətən Müharibəsindən sonra Azərbaycan müəllimi daha əzəmətli görünür. Birincisi, digər peşə sahibləri kimi neçə neçə müəllimlərimiz könüllü şəkildə rahat və şərəfli işini bir kənara qoyub daha şərəfli işə - torpaqlarımızın azad olunması kimi vacib bir misiyaya qoşularaq, adlarını qızıl hərflərlə şanlı tariximizə yazmağı bacardılar. Statistik məlumata görə II Qarabağ  müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Məsələ bununla bitmir. Vətən Müharibəsində canı-qanı ilə dastan yazan bütün şəhid və qazilər də yenə Azərbaycan müəlliminin əsərləri idi. Bəli deyirik və yazırıq ki, övladı yetişdirən, onu minbir əziyyətlə boya-başa çatdıran valideyn – ata və anadır. Amma ona vətəni sevməyi öyrədən də həm də müəllimidir. Qədim yunan filosofu Aristotel deyir ki, atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib.

Bəzən neçə-neçə gənc şəhidlərimizin acı həyat hekayələrini oxuduq­ca, dinlədikcə, izlədikcə özüm-özümə sual verirəm: İlahi, bu gənclərimiz vətənin gözəlliklərini bizim qədər yaşamadan, Qaraba­ğın əsrarəngiz təbiət möcüzələrini görmədən qəlblərində o torpaq­lara böyük sevgi, Vətənə son­suz məhəbbət hardan yarandı ki, gözlərini qırpmadan ölümün ağuşuna atıldılar. Demək ki, onlara vətən sevgisini aşılayan eyni zaman da müəllimləri imiş. Təkcə bu xidmətlərinə görə müəllimlərimiz hər cür alqışa layiqdirlər.

Düzdür, müasir dövrdə işinə məsuliyyətlə yanaşmayan, peşəsindən sui-istifadə edən, hətta ixtisasını kifayət qədər bilməyən müəllimlər də vardır. Bu gün təhsil sahəsində baş verən bütün neqativ hallara görə müəllimləri günahlandırırıq. Lakin kökləri daha dərinə gedən o problemləri müzakirə etmək bu günün mövzusu deyil. Həm də Sokratın təbirincə desək: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”. Böyük Atatürkün də müəllimlik haqqında dillər əzbərinə çevrilən bir kəlamı var –əsərinin üzərində imzası olmayan yeganə sənətkar öyrətməndir. Və ən nəhayət dünyada müəllimdən yüksək ad tanımayan ümummilli lider Heydər Əliyev özün müəllimliyə həsr etmiş insanı ən şərəfli insan adlandırıb. Peşə bayramınız mübarək əziz müəllimlər, gün bu gündür, o da sizin gündür!!!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,
kimya elmləri doktoru

Tarix
5 Oktyabr 2022 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-10-05 16:15:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin