İlk dəfə hava yastığı üzərində hərəkət edən barj tikilib - VİDEO

08:28 - 28 İyun 2022 - Cəmiyyət

Azərbaycanda ilk dəfə olaraq hava yastığı üzərində həm quruda, həm də suda hərəkət edəcək barj tikilib.

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən verilən məlumata görə, yükdaşıyan barj "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə inşa edilib.

Ucnoqta.az xəbər verir ki, layihənin koordinatoru Vüsal Musayev deyib ki, barjın tikintisinə 2019-cu ildə Şotlandiyanın "Qlazqo" Gəmiqayırma Zavodunda başlanıb. Amma sonradan şirkətin müflis olması səbəbindən işlər yarımçıq saxlanıb. Daha sonra danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və Bakıya gətirilib.

​Vüsal Musayev əlavə edib ki, özü hərəkət edən barjda iki ədəd su və iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir. Gələcəkdə bu təcrübə əsasında bənzər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, barj tam hazırdır və bütün sənədləşmə işləri də yekunlaşıb. Hava şəraiti əlverişli olan kimi barj yola düşəcək və 4 gün müddətinə Qazaxıstana çatması planlaşdırılır.

Xəbər xətti