"Maaşımız artdı, amma yenə ..." - Siyavuş Novruzov

17:10 - 23 İyun 2022 - Müsahibə

Ucnoqta.az Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.az-a müsahibəsini təqdim edir:

- Siyavuş müəllim parlamentdə qazilərlə bağlı son çıxışınız böyük maraqla qarşılandı. Hətta sosial şəbəkələrdə belə fikirlər səsləndirildi ki, sanki bu tənqidləri hakim partiyanın deputatı yox, hansısa radikal müxalif partiyanın nümayəndəsi dilə gətirib. Bu çıxışınızla bağlı hansı reaksiyaları aldınız? Maraqlıdır ki, YAP rəbərliyinin hər hansı bir iradı oldumu?

- Bu mövzu ilə əlaqədar yazılan şərhləri oxumuşam. Şəhid ailələri və qazilərə diqqət göstərmək bizim borcumuzdur. Burada söhbət iqtidar və ya müxalifətdən yox, onlara olan münasibətdən gedir. Mən Birinci Qarabağ müharibəsi veteranıyam və ondan sonrakı proseslərdə vəziyyətin necə olduğunu yaxşı bilirəm. İstəmirəm ki, eyni hallar yenidən təkrarlansın. Operativ olaraq bu məsələlərə reaksiya verilməlidir ki, həmin insanlar da öz təminatlarını alsınlar. Kim ki onların haqqına girir, yaxud onların adından istifadə etməyə çalışırsa, həmin şəxslər sıradan çıxarılmalıdır. Cənab Prezident və Birinci vitse-prezident əhalinin həssas qruplarını daim diqqətdə saxlayırlar. Çoxları bəlkə də bilmir, lakin Türkiyədən gələn 30-dan çox psixoloq 1 ildən artıq müddətdə Bakıda, rayonlarımızda həm şəhid ailələri, həm də qazilərlə məşğul oldular, onlara dəstək proqramları həyata keçirdilər. Bu da birbaşa Heydər Əliyev Fondunun dəstəyi ilə həyata reallaşdırıldı. Azərbaycandan da bir o qədər həkim bu prosesə qoşuldu. Onlar birlikdə insanlara kömək etdilər. Nə qədər əsgərin, qazinin dili açıldı. Bu çətinliklər hələ uzun illər davam edəcək. Ona görə hər birimiz cəmiyyətin həssas təbəqəsinə diqqətlə yanaşmalıyıq.

- Mövcud vəziyyəti təsvir etmək təbii ki, asandır. Amma ən önəmlisi bu problemlərin həll yollarını göstərməkdir. Hansı təklifləriniz var?

- Bu vəziyyətdən çıxış yolu üçün bir neçə variant var. Burada bəzi dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür. Məsələn, elə insanlar var ki, hərbi səfərbərliyə cəlb olunub, lakin müharibədə iştirak etməyiblər. Bunların bir hissəsi artıq özünü qazi hesab edir. Digər bir qismi hərbi kazarmalarda xidmət edən, lakin döyüş bölgəsinə daxil olmayan şəxslərdir ki, onlardan bəziləri medal və digər təminatlarla bağlı tələblər irəli sürürlər. Üçüncü kateqoriyaya bilavasitə döyüş proseslərində iştirak edənlər daxildir. Sadaladığımız qruplara daxil olan insanların status məsələsi həll edilməlidir. Bunu da 2 struktur edə bilər: Hərbi Səfərbərlik və Müdafiə Nazirliyi. Fikrimcə, bu iki qurumdan nümayəndələr cəlb olunmalı, sözügedən şəxslərin səhhətində hansı problemlərin olduğu Səhiyyə Nazirliyi tərəfindən təyin edilməlidir. Ondan sonra əllilik, təqaüd məsələləri buna uyğun öz həllini tapacaq. Yerdə qalanlar isə Məşğulluq İdarəsinə yönləndirilməlidir ki, işlə təmin olunsunlar, boş qalmasınlar. Yəni, bu məsələlərin həlli üçün Prezidentin xüsusi sərəncamına ehtiyac yoxdur. Həll yolu sadədir.

- Bir müddət əvvəl çıxışlarınızdan birində demişdiniz ki, dövlətimizi, prezidentimizi sosial mediada müdafiə edənlərə həvəsləndirici fəxri adlar, mükafatlar verilsin. Sizcə, bu hal prosesə müsbət təsir edə bilər?

- Mən əslində demişdim ki, təltiflərin olması yaxşıdır. Bəzi qruplar yaranıb ki, təltiflərin aradan götürülməsinin tərəfdarıdır və tez-tez bu barədə danışırlar. Dünyanın hər yerində insanlar göstərdiyi əməyə görə təltif olunurlar. Elə götürək Nobel mükafatını. Bu da təltifin bir növüdür. Ona görə də dövlətçiliyimizi müdafiə edən, dövlətçiliyə qarşı yönələn təxribatların qarşısının alınmasında iştirak edən hər bir şəxsin əməyi qiymətləndirilməlidir.

- Siyavuş müəllim, siz artıq YAP Siyasi Şurasının üzvü deyilsiniz. Yenidən rəhbərlikdə təmsil olunmaq niyyətiniz var?

- YAP-ın üzvüyəm və 28 il rəhbər vəzifədə fəaliyyət göstərmişəm. Partiya daim yenilənir, yeni nəfəs gəlir. Nə vaxtsa seçki olar və namizədliyim irəli sürülərsə, əlbəttə, istəyərəm. Mən öz partiyama, öz əqidəmə sədaqətli insanam.

- Respublika Narkoloji Mərkəzinin son rəsmi statistikasında göstərilir ki, burada qeydiyyatda olanlardan 556 nəfəri qadındır. Bu narahatlıq doğuran hal qarşısında, sizcə, nə etmək lazımdır?

- Bu, müharibədən daha təhlükəlidir və milli təhlükəsizlik məsələsidir. Mən bu məsələni parlamentdə hər dəfə qaldırıram. Bir gün ərzində bir rayonda narkotikə görə 30-40 nəfər tutulur. Keçmişdə 1 nəfər olardı və həmin şəxs barmaqla göstərilərdi. İndi əksəriyyəti gəncdir. Narkomaniya artıq orta məktəblərə ayaq açıb. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Azərbaycanda narkotik istehsal olunmur, haradan gəldiyi də bəllidir. Tonlarla narkotik vasitələr tutulur, lakin bir hissəsi istər-istəməz qalır. Hər bir vətəndaşımız bununla mübarizə aparmalıdır. Hər bir ailə başçısı bu məsələdə diqqətli olmalıdır. Çünki heç kim bundan sığortalanmayıb. Bu mübarizəyə hər kəs qoşulmalı və birgə iş aparılmalıdır.

- Qadınlardan söz düşmüşkən, parlamentdə qadın həmkarlarınızın fəaliyyətindən razısınız? Kəmiyyət artıb, keyfiyyət necə?

- Bundan öncəki çağırışda 13 qadın deputat var idi, bu çağırışda 20 nəfərdir. Fikrimcə, hər biri çalışqan, bu və ya digər sahələrdə fəaliyyət göstərən tanınmış xanımlardır. Ona görə sual olunmur ki, birdən-birə bu xanım haradan gəldi parlamentə?! Düzdür, bu sual hərdən verilir. Lakin onlar parlamentə gələnə qədər ictimaiyyət arasında tanınan simalardır. Hesab edirəm ki, gələn seçkilərdə də qadın deputatların sayı artacaq.

- Deputat maaşlarının artırılmasına münasibətinizi öyrənmək istərdim.

- Bu məsələ hələ birinci oxunuşda müzakirə olunub. Konsulluq, müalicə xərcləri, ildə 3 dəfə verilən mükafat ləğv olunub. Əslində demək olar ki, eyni məbləğə gəlib çıxır.

Xəbər xətti