Əgər müayinədən keçsəydik...

12:20 - 17 Fevral 2022 - Leykoz

İki ildən artıqdır ki, qlobal miqyasda Covid-19 pandemiyası davam edir. COVİD-19-un sürətlə yayılması dünyada insanların həyat tərzini dəyişdi, yeni reallıqları ortaya qoydu. Artıq maska taxmaq, sosial məsafəni qorumaq, onlayn konfrans rejimində təmaslar gündəlik həyat normasına çevrildi.

COVİD-19 pandemiyasından ən çox zərər çəkən qruplardan biri də talassemiya xəstələri oldu. Pandemiya və bununla bağlı tətbiq olunan karantin tədbirləri ilk günlər onların müalicəsində, xüsusilə qanköçürmə ilə bağlı mənfi təsirlər yaratdı. Lakin tezliklə bu problem aradan qaldırıldı. Pandemiya şəraitində ailələrə göstərilən yardımlar heç də yalnız maddi yardımlarla məhdudlaşmadı. Həm valideynlər, həm də uşaqlar müxtəlif psixoloji dəstək proqramları ilə əhatə olundu, xəstələrə qanköçürmə vaxtında həyata keçirilməsi təmin edildi.

Valideyn Nəzir Yunusov (ad şərtidir) bildirib ki, onun oğlu talassemiya xəstəsidir və Covid-19 pandemiyasının ilk dövrlərində müəyyən çətinliklər çəkib. “Oğlum normal uşaq kimi anadan oldu. İlk dövrlərdə onda heç bir xəstəlik özünü göstərmirdi. Amma sonradan qızdırma müşayiət olunmağa başladı. Əvvəlcə uşaqdakı qızdırmaya o qədər də önəm vermədik. Amma bu vəziyyət tez-tez təkrar olundu və valideyn kimi narahat olmağa başladım. Həkimlərin apardığı müayinə nəticəsində oğlumda talassemiya xəstəliyi aşkar olundu. İnanmadım, çünki nə mən, nə də həyat yoldaşımda xəstəliyin heç bir əlaməti yox idi. Sonradan öyrəndik ki, mən və həyat yoldaşım xəstəliyin daşıyıcısı olmuşuq. Həkim bizə bildirdi ki, talassemiya geninin daşıyıcıları praktiki olaraq sağlam insanlardır. Ancaq onlar talassemiya genini öz uşaqlarına ötürə bilirlər”.

Nəzir Yunusovun sözlərinə görə, evlənməmişdən əvvəl, yəni nikaha girməmişdən əvvəl müayinədən keçməyiblər. “ Mənim bildiyimə görə, Azərbaycanda hökumət 2015-ci ildən bəri evlənməyə hazırlaşanları tibbi müayinəyə yönləndirməklə bu xəstəliyə qarşı addım atmağa başlayıb.

Müayinə məcburidir və digər xəstəliklərin də yoxlaması, o cümlədən İİV/QİÇS testi də nəzərdə tutulur. Tibbi müayinə məcburi ediləndən bəri irsi qan xəstəliyi ilə doğulmuş uşaqların sayı 45 faiz azalıb. Bu, böyük rəqəmdir.
Amma biz müayinədən keçmədik. Əgər müayinədən keçsəydik və bizə talassemiya geninin daşıyıcısı olduğumuzu bildirsəydilər bəlkə də nikaha girməzdik, xəstə uşaq doğulmasının qarşısını ala bilərdik".

Qeyd edək ki, əgər qadın və kişi daşıyıcıdırsa, onların dünyaya gətirdiyi övladların 50 faizi daşıyıcı olur, 25 faizi sağlam, 25 faizi isə xəstə doğulur. Göründüyü kimi valideynlər talassemiya geninin daşıyıcısı olduqda xəstəlik doğulan uşaqların 25 faizində ortaya çıxır.

Talassemiya xəstəsi

Bəs, talassemiya xəstəliyi nədir? Talassemiya qan xəstəliyidir. Qırmızı qan hüceyrələrinə təsir göstərən pozğunluqdur. Qanın içərisindəki oksigeni daşıyan hüceyrələr sümüklərin içərisində yaranır. Bunlar isə hemoqlabin adlandırılan molekul tərəfindən daşınır. Bunlar pozulanda isə oksigen çatmır və qansızlıq yaranır. Bu xəstələrə mütəmadi olaraq qan köçürülməlidir. Azərbaycanda bütün talassemiyalı pasiyentlərə Talassemiya Mərkəzində qan pulsuz köçürülür. Onların hər birinin riayət etməli olduğu müəyyən qanköçürmə qrafiki var.

Nəzir Yunusov deyir ki, oğluna hər ay donor qanından hazırlanan eritrosit kütləsi köçürülür. “COVİD-19 pandemiyasının ilk dövrlərində çox əziyyət çəkdim. Karantinlə əlaqədar Bakıya gəlmək, donor qanı tapmaq çətin idi. Çünki koronavirusla bağlı yaranmış panika səbəbindən donorlar qan verməyi dayandırmışdılar. Bu çox təhlükəli idi. Çünki qan köçürülməsinin gecikdirilməsi oğlumda hemoqlobinin səviyyəsinin aşağı düşməsinə, onun vəziyyətinin pisləşməsinə, yəni narahat yatmasına, gözünün altının kölgə yaranmasına, yeməkdən düşməsinə, hətta ölümünə səbəb ola bilərdi. Çünki qanköçürmənin gecikdirilməsi daxili orqanlarda ciddi fəsadlar yaradır: qaraciyər, ürək və dalaq böyüyür, onlar sıradan çıxarırlar. Əlbəttə ki, bu proses iki-üç gün ərzində baş vermir, ancaq hər halda sağlamlığa çox ciddi təsir göstərir. Ciddi tədbirlər görülməli idi. Əvvəlcə yuxarıda qeyd etdiyim kimi çətinliklərimiz oldu. Məcbur olub tanıdığım donorlara müraciət etdim. Amma sonradan vəziyyət normallaşmağa başladı. Bu sahədə “Qan bağışlamaq həyat qurtarır” devizi ilə həyata keçirilən aksiyaların böyük rolu oldu. Məsələn: “Bütün sağlam insanları bizə yardım etməyə çağırırıq: qanvermə prosesi Mərkəzi Qan Bankında tamamilə steril şəraitdə aparılır. Siz hər hansı riskə məruz qalmırsınız. Uşaqlarımıza həyat bəxş edin!”.

Bu sahədə Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etməliyəm. Birinci vitse-prezident Mehriban xanımın şəxsi təşəbbüsü ilə idarə, təşkilatlar qanvermə təşəbbüsünə qoşuldular. Mehriban xanımın və Prezident İlham Əliyevin dəstəyi ilə  görülən tədbirlər nəticəsində artıq bu problem yoxdur.”

Hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunub.

Vaksinasiya

Nəzir Yunusov bildirir ki, COVID-19 pandemiyası ilə bağlı narahatlığı artıb. “Oğlumun koronavirusa yoluğacağından çox qoruxuram. Onun vaksinasiyadan keçməsi nə dərəcədə faydalı olacağını bilmirəm”. Bəs, talassemiya xəstələri vaksinasiya olunmalıdırmı?

Ölkəmizdə dünyanın hər yerində olduğu kimi COVID-19 pandemiyası dövründə insanların koronovirusa yoluxmaması üçün vaksinasiya həyata keçirilir. Talassemiya xəstələri vaksinasiyadan keçməlidirmi? Qeyd edək ki, talassemiya xəstələrinin sağlam insanlara nisbətən immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etməlidirlər. Zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir. Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür.

Bu barədə Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bildirib ki, yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların müalicəsində vaksinasiyadan öncəki ən effektiv müalicə üsullarından biri də xəstələrə COVID-19 immun plazmasının köçürülməsidir. “İmmun plazma xəstəliyi keçirənlərin qanında əmələ gələn anticisimlərdən ibarətdir. Pandemiyanın başladığı dövrlərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzində effektiv müalicə üsulu barədə araşdırma aparıldı və mərkəz məhz immun plazmanın köçürülməsi nəticəsində, 400-dən çox koronavirus xəstəsinin sağalmasına nail olub.  Onun sözlərinə görə, talassemiya xəstəliyi COVID-19 əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş deyil: “Talassemiyalı xəstələr də qeydiyyatdan keçərək peyvəndləmədə iştirak edə bilərlər. Xəstəliyin müəyyən dövründə infeksion problemlər yaşayan və ciddi allergiyası olan talassemiyalılara isə vəziyyəti stabilləşdikdən sonra peyvənd vurdurmağı məsləhət görürük”.

Hazırda ölkəmizdə 4 200-dən artıq talassemiya xəstəsi qeydiyyatdadır. Onların da təqribən yarısı 17 yaşdan az olanlardı.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti