Milli xeyriyyəçi unudulmadı

10:30 - 23 Yanvar 2022 - Cəmiyyət

Ötən əsrin əvvəlində öz xeyriyyəçili ilə məşhurlaşan Hacı Zeynalabidin Tağıyevin Bakı şəhərində heykəlinin açılışı oldu. 18 yanvar 2022-ci ildə Prezident İlham Əliyev xeyriyyəçinin “İçərişəhər” metrosunun önündə ucaldılan abidəsinin açılışını etdi.

Azərbaycan öz irsinə sahib çıxan bir dövlətdir. Hələ 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir.

Abidənin orada ucaldılması heç də təsadüfi deyildi. Abidənin yeri Bakı sakinlərinin də sevdiyi yerlərdən biri olub, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. O çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmayacaqdı.

Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Bunlardan Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər də fəaliyyətdədir. Həmin kəmər bu günə qədər Bakını və Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi Zeynalabdin Tağıyevin öz vəsaiti hesabına tikilmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır.

Hacının vəsaiti hesabına yüzlərlə azərbaycanlı gənclər Rusiya və Avropada təhsil almışlar. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.

İslam dünyasının müqəddəs kitabı olan Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur.

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir olunmuşdur.

Zeynaladidin Tağıyevin xeyriyyəçilik ənənələri bu gün də ölkəmizdə uğurla davam etdirilir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışdılar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir və mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etdi.

Hazırda Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilmişdir. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam və Zəngilan şəhər məscidlərii Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin tikilməsi də Fondun təşəbbüsü ilə həyata keçirilir.

İkinci Qarabağ Müharibəsindən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edirlər.

Rüstəmova Selenay Elşən qızı 

Nərimanov rayonunun fəal gənci

Xəbər xətti