Şəhid hərbçilərimizlə vida mərasimi keçirilir - Foto

12:22 - 1 Dekabr 2021 - Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, cənazələr morqdan qaldırılıb.

Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.

Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Kompleksində ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Xəbər xətti